İrəvanın rədd etdiyi təlxək: terrorçular niyə "təbrik" edildi?

3 Sentyabr 2024 17:07

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin birinci sədr müavini Konstantin Zatulin Bakıda saxlanılan, Xankəndindəki sabiq separatçı-terrorçu rejimin "rəhbər"ləri Bako Saakyan və Arkadi Qukasyana, separatçı rejimin sabiq "sabiq dövlət naziri" Ruben Vardanyana və digər şəxslərə dəstəyini ifadə edib.

"Tanrıdan diləyirəm ki, onlara heç nə olmasın, onlar ən qısa zamanda ailələrinin yanına, Ermənistana qayıtsınlar. Çünki, yəqin ki, onlar artıq erməni əhalisi qalmayan həmin Dağlıq Qarabağda qalmağa razı olmazdılar," - deyə K.Zatulin qarabağlı separatçıların "müstəqilliyi"nin 33-cü "ildönümü" münasibətilə göndərdiyi məktubunda bildirib.

Qarabağlı erməni separatçılarına "ürəyi yanan, qəlbi qövr edən" K.Zatulin daha sonra yazıb: ""Əminəm ki, gələcəkdə ədalətin zorakılığa müraciət edilmədən bərpa edilməsinə və bu vəziyyətin davam etməsinə yol verməyəcək həll yolları tapılacaq. Təkrar edirəm, bu torpaqların qədim sakinləri, təkcə Ermənistanın deyil, bütün dünyanın mədəniyyəti üçün əhəmiyyətli abidələrin, məbədlərin, monastırların yerləşdiyi torpaqlar - çox ümid edirəm ki, onlar yenidən öz sürüsünü, torpaqlar isə yenidən zəhmətkeş əlləri ilə işlənəcək".

K.Zatulin Azərbaycanı könüllü tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilərə "dərin hüznlə başsağlığı" verib: "Bu, şübhəsiz ki, böyük bir faciədir. Əminəm ki, biz Rusiyada bu günki vəziyyətdə sizə başsağlığı və kömək etmək istəyimizi ifadə etməyə bilmərik. Əsl ruslar, həqiqətən də rusdursa, bizim həmvətənlərimizə, evlərini, əziz yerlərini, kilsələrini, monastırlarını tərk edən ermənilərə münasibətdə qeyd etdiyim bu hissləri və kömək etmək istəyini duymaya bilməzlər, və bildiyimiz kimi, çox qısa bir müddətdə məcburi köçkün olublar".

... Konstantin Zatulinin hazırda Bakıda həbsdə olan erməni separatçılarını dəstəkləməsi, absurd və mənəviyyatsız bir addım olmaqla yanaşı, Rusiya və Azərbaycan arasındakı münasibətləri korlamağa çalışan qüvvələrin açıq-aşkar cəhdidir. Bu cür addımların Zatulinin tərcümeyi-halına və onun ermənilərlə, xüsusilə Qarabağdakı sabiq separatçı rejimi daim dəstəkləməsinə nəzər salsaq, bu dəstəyin nə qədər əsassız və təhlükəli olduğunu görmək mümkündür.

Rusiyanın Dövlət Dumasının deputatı K.Zatulin uzun illərdir ki, Ermənistan və ermənilərlə sıx əlaqələr saxlayır, onların separatçı təfəkkürünü təbliğ edir. Onun dünənki "təbrik"i erməni separatçılarına olan simpatiyasını bir daha açıq-aşkar nümayiş etdirir. Bu təbrik əslində, Rusiya və Azərbaycanın strateji əlaqələrini zədələmək məqsədi güdən qüvvələrin işinə yarayan bir bəyanatdır.

K.Zatulinin "rus xalqı adından" çıxış etməsi və erməni separatçılarını təbrik etməsi bu şəxsin nə qədər ikiüzlü və mənəviyyatsız olduğunu göstərir. O, Ermənistandakı revanşist qüvvələri dəstəkləməklə və müdaftə etməkdə əslində  erməni xalqı arasında da nifrət və bölünmə toxumlarını səpir.

Zatulin Rusiya Dövlət Dumasının üzvü olaraq, uzun illərdir ki, Ermənistana və ermənilərə simpatiya bəslədiyini gizlətməyib. Onun Ermənistanla əlaqələri, xüsusilə də Qarabağ məsələsində erməni separatçılarını dəstəkləməsi, faktlar və sitatlar əsasında dəlilləndirilməli olan bir məsələdir. Məsələn, Zatulin, Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyanla sıx əlaqələrini heç vaxt gizlətməyib, onların dövründə Ermənistan-Rusiya münasibətlərinin inkişafında mühüm rol oynayıb. Bu, sadəcə olaraq erməni lobbi qruplarının maraqlarına xidmət etməkdən ibarət olmayıb, eyni zamanda Rusiya-Azərbaycan münasibətlərini zəiflətmək məqsədi daşıyan uzunmüddətli bir strategiyanın tərkib hissəsi olub.

K.Zatulinin bu addımı Rusiya-Azərbaycan əlaqələrini zədələmək və Azərbaycanı qıcıqlandırmaq məqsədi güdən bir təxribatdır.

Zatulinin bu hərəkətləri onun Bakıda həbsdə olan erməni separatçıları ilə əlaqəli olduğunu və onların cinayətlərinə şərik çıxdığını göstərir.

Zatulinin təbrik etdiyi Bako Saakyan, erməni separatçılarının başçısı olub və onun əlləri azərbaycanlıların qanına batıb. Rusiyalı "siyasətçi" belə bir cinayətkarı təbrik etməklə, özü də bu cinayətlərin iştirakçısı olduğunu etiraf edir.

Əslində, Zatulinin də yeri Bakıda həbsdə olan digər separatçı cinayətkarların yanıdır.

Ümumiyyətlə, Konstantin Zatulin haqqında yazmaq heç də asan deyil, çünki onun son illərdəki fəaliyyətləri, çıxışları və bəyanatları, xüsusilə də Azərbaycan və Qarabağla bağlı məsələlərdə sərgilədiyi mövqe həqiqətən də təəssüf doğurur. Zatulin Rusiya siyasətində revizionist, neoimperialist qüvvələrin açıq şəkildə təmsilçisi kimi çıxış edir və onun daimi olaraq erməni revanşizmini, qarabağlı ermənilərin separatizmini dəstəkləməsi, Azərbaycan torpaqlarında 33 il işğalçılıqla məşğul olmuş terrorçu rejimə arxa durması, bu siyasətçinin hansı dairələrə xidmət etdiyini açıq şəkildə göstərir.

Zatulin, 2020-ci ilin sentyabrında başlayan və 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun Qarabağdakı uğurlu antiterror əməliyyatları ilə yekunlaşan müharibə dövründə də erməni separatçılarına açıq şəkildə dəstək verib. O, hər zaman separatçıların tərəfində yer alıb və Azərbaycanı beynəlxalq arenada tənqid etməyə çalışıb. Məsələn, 2023-cü ilin sentyabrında Zatulin erməni separatçıları ilə bağlı açıqlamasında "Qarabağın erməniləri üçün böyük bir faciə yaşandı" deməklə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə təhdid edib. Bu, Zatulin kimi siyasətçilərin öz şəxsi maraqları naminə necə məsuliyyətsiz davrandıqlarının bariz nümunəsidir.

K.Zatulin, erməni separatçılarını dəstəkləmək üçün istifadə etdiyi söz oyunları ilə həm də Rusiya cəmiyyətində milli zəmində təbəddülat yaratmağa çalışır. Onun bəyanatları, Rusiya daxilindəki müxtəlif milli qruplar arasında gərginlik yaratmağa və millətlərarası ədavəti alovlandırmağa xidmət edir.

Bu siyasətçinin tərcümeyi-halı və fəaliyyəti, onun yalnızca öz şəxsi maraqlarına xidmət edən və bu yolda heç bir prinsiplərə riayət etməyən bir şəxs olduğunu açıq şəkildə ortaya qoyur. Zatulin erməni separatçılarını dəstəkləmək üçün istifadə etdiyi bütün vasitələrlə Rusiya və Azərbaycan arasındakı münasibətləri pisləşdirməyə çalışır və bu yolda heç bir əxlaqi qaydalara riayət etmir.

... Ermənistanın baş naziri Nikol Paşinyan ötən il K.Zatulini "arzuolunmaz şəxs" hesab etmişdi və bu açıqlamadan sonra rəsmi İrəvan rusiyalı deputatın Ermənistana girişini yasaqlamışdı.

Tragikomediyadır: ermənilərə xidmət edən, ermənidən artıq erməni olmağa çalışan lakey təfəkkürlü Konstatin Zatulinə Ermənistan qapılarını bağlayıb.

Şərəf, ləyaqət və məntiqin nə olduğunu bilməyən adam üçün gerçəkdən də, "böyük faciə"dir.

Elçin Alıoğlu
Milli.Az