Azərbaycanda məktəbin keçmiş direktoruna elektron qolbaq taxıldı

3 Sentyabr 2024 16:04

Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Qəhrəman Orucovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az pravda.az-a istinadən bildirir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Qəhrəman Orucov 2019-2021-ci illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nəzdində fəaliyyət göstərən 11 saylı cəzaçəkmə müəssisəsi üzrə 115 saylı xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru vəzifəsində çalışıb. O, çalışdığı müddət ərzində şagirdlərin attestat almalarına dair vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Zərərçəkmiş qismində Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsi tanınır.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasının təyin edilib. Eyni zamanda zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsinin Qəhrəman Orucova qarşı mülki iddiası təmin edilib, təqsirləndirilən şəxsdən cinayət əməli nəticəsində vurulmuş 16 975,69 manat pul tutularaq, sözügedən İdarənin hesabına ödənilməsi hökm olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun