BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu sessiyasının sədri kimi Azərbaycan bu gün "Bakı Qlobal İqlim Şəffaflıq Platforması"nı təqdim edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıdakı "İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq" çərçivəsində COP29 prezidenti Muxtar Babayev bildirib.
Bu platforma dünyada iqlim şəraitinin yaxşılaşdırılması məqsədilə atılan addımlarda şəffaflığın təmin olunması üçün qlobal cəmiyyəti bir araya gətirəcək
"COP29 sədri olaraq vəzifəmiz iqlim dəyişikliyi üzrə danışıqlar prosesində bütün iştirakçıları dəstəkləməkdir. Son vaxtlar biz ada dövlətlərini, o cümlədən, ən iri olanı - Avstraliyanı ziyarət etdik. Kiçik dövlətlərin, xüsusilə Andorra və Qayana kimi ölkələrin maraqlarını da nəzərə alırıq. Platformanın məqsədi iqlim dəyişikliyi ilə bağlı tədbirlər haqqında hesabatların şəffaflığını artırmaqdır", - M.Babayev bildirib.
Onun fikrincə, yalnız şəffaflıq məqsədlərinin kollektiv təsdiqlənməsi və iki illik şəffaflıq hesabatlarının (BTR) vaxtında təqdim edilməsi ilə irəliləyiş mümkündür.
Azərbaycan COP29-da ikiillik BTR hesabatını təqdim edəcək", - Babayev vurğulayıb.
Bu yolla Azərbaycan Paris Sazişinin Genişləndirilmiş Şəffaflıq Sistemində ümumi iştirakın artırılmasını məqsəd qoyur.
"COP29 sədrləri gələcək nəsillər üçün iqlim fəaliyyətlərinin şəffaflığını gücləndirmək məqsədini daşıyırlar. Bu çərçivədə, inklüzivliyi təmin etmək üçün tərəfdaşlarla birlikdə müxtəlif coğrafi bölgələrdə BTR hazırlığı üzrə seminarlar təşkil etməyə davam edəcəyik", - Babayev bildirib.
Qeyd edək ki, Azərbaycan 25 sentyabr 2024-cü il tarixində BMT-nin 79-cu Baş Assambleyasında qlobal iqlim şəffaflığı üzrə yüksək səviyyəli dialoq təşkil edəcək.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun