Növdəbənkənar parlament seçkilərini müşahidə etdik. Beynəlxalq müşahidəçilərin dəvət olunması seçkilərin açıq və şəffaf şəkildə keçirildiyinin göstəricisidir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyətinin rəhbəri, Baş katibin müavini Nuran Niyazəliyev deyib.
"Bizim missiya 16 nəfərdən ibarət idi. Bizim missiyanın 20 ildən çoxdur ki, seçkiləri müşahidə etmək təcrübəsi var. Azərbaycan tərəfindən dəvət gələn kimi üzv dövlət tərəfindən müşahidə missiyası təsdiqləndi. Missiyamız seçki prosesində bir çox görüşlər keçirib.
Məntəqələrə baş çəkdiyimiz zaman bütün lazımi sənədlər təqdim olundu, bizim fəaliyyətimiz üçün bütün lazımı şərait yaradıldı. Azərbaycan bizim monitorinq missiyamız üçün bütün lazımi şərait yaratdı, bu da seçkilərin açıq, şəffaf, demokratik şəkildə keçirildiyini göstərir".
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.
Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun