Seçkilərdə yüksək seçici fəallığı müşahidə etdik - ICAAP

2 Sentyabr 2024 11:46

Sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində yüksək seçici fəallığı müşahidə etdik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAAP) rəhbəri İbrahim Halil Korkmaz deyib.

"Azərbaycanın Milli Məclisində 125 millət vəkilinin seçimini yaxından izləməkdən məmnun olduq. Seçkilər demokratiyanın həyat qaynağıdır. Azərbaycan xalqını alnıaçıq çıxdığı seçkilər münasibətilə təbrik edirik.
Bu seçkilərin çox önəmli özəlliyi var. Belə ki, azad olunan ərzilərdə 54 seçki məntəqəsi təşkil edilib və bu ərazilərdə ilk dəfə parlament seçkilərində səsvermə baş tutub.

Bu, bizim qürur duymağımıza vəsilə oldu. Qardaş Azərbaycan xalqı azad olunan ərazilərdə yüksək fəallıq nümayiş etdirdi. Seçim günü səsvermənin başlaması ilə iki qrup şəklində fərqli bölgələrdə 16 məntəqədə müşahidələr apardıq. Seçkilərdə hər şeyin əskiksiz olduğunu gördük. Yüksək seçici fəallığı müşahidə etdik. Seçkilər zamanı heç bir problem, qayda pozuntusu müşahidə edilməyib", - deyə o bildirib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.

Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun