VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyini irəli sürmüş və bununla bağlı bütün seçki prosesində aktiv təmsil olunmuşdur.
Milli.Az xəbər verir ki, bu barədə Böyük Quruluş Partiyasının üzvü Əjdər Əliyev öz sosial şəbəkə hesabında paylaşım edib.
Seçki marafonunun bütün mərhələlərində partiyanın yüzlərlə üzvü aktiv iştirak etmiş, seçici imzaları qısa zamanda toplanmışdır. Partiyanın vahid namizədi Fazil Mustafa seçki dairəsinin ərazisində öncədən müəyyən edilmiş və kifayət qədər yaxşı şərait yaradılmış yerlərdə seçicilərlə 35-dən çox görüş keçirmiş, aktiv təbliğat-təşviqat işi aparmışdır. Seçki dairəsinin ərazisində olan şəhid ailələri, həssas əhali qrupunun digər nümayəndələri ilə də çoxsaylı görüşlər təşkil olunmuşdur. İstər imzaların toplanması, istər seçki təbliğatı zamanı hansısa maneə ilə qarşılaşmayan partiya fəalları seçki prosesini rahat və təhlükəsiz şəkildə başa çatdırmışdır.
Bundan əlavə, seçki kampaniyası dövründə Böyük Quruluş Partiyasının başqanı, 26 saylı Sabunçu birinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Fazil Mustafa ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçkiləri Müşahidə missiyasının rəhbəri Ditmir Buşati, missiya üzvləri Neomi Arçidiakono və Elissavet Karagiannidou, Müüstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının Qərargahının rəhbəri Oleq Viktoroviç Kuleba, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası Müşahidə missiyasının rəhbəri, MDB Baş katibinin l müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb, növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinin uğurla keçdiyini, özünün, seçki qərargahının və başqanı olduğu partiyanın hər hansı bir problemlə qarşılaşmadığı barədə nümayəndə heyətlərini bilgiləndirib.
Böyük Quruluş Partiyasnın apardığı aktiv təbliğat işi nəticəsində Partiyamızın rəhbəri Fazil Mustafa seçkilərin ilkin nəticələrinə əsasən öz rəqiblərindən daha çox səs toplamışdır.
Partiya vahid namizədlə təmsil olunmasına baxmayaraq, 50-yə yaxın seçki dairəsində öz müşahidəçilərini qeydiyyatdan keçirmiş və onların müşahidəsini təşkil etmişdir. Partiya müşahidəçilərinin təqdim etdikləri anket məlumatları və yüzlərlə beynəlxalq müşahidəçilərin də rəylərini nəzərə alaraq, VII çağırış Milli Məclisə seçkilərinin nəzarət etdiyimiz seçki dairələrində demokratik mühitdə, azad rəqabət şəraitində keçirildiyi bəyan edirik. Uğur qazanan namizədlərin hər birini Partiyamız adından təbrik edir və bizi dəstəkləyən seçicilərə öz təşəkkürlərimizi çatdırırıq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun