Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib - BİRGƏ MƏLUMAT

1 Sentyabr 2024 20:05

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər zamanı bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə halları müəyyən edilib.

Bu barədə Milli.Az-a Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Üzərində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verildiyi iddia olunan "Jurnalist vəsiqəsi" orijinal nüsxənin elementlərini kobud formada təkrarlayaraq qeyri-qanuni yolla hazırlanmışdır.

Xatırladırıq ki, jurnalist vəsiqəsinin verilməsi qaydası "Media haqqında" Azərbaycan Respublikası Qanunu və "Media Reyestrinin aparılması Qaydaları" ilə tənzimlənir, onun forması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmişdir.

Jurnalist vəsiqəsi müvafiq qanunvericiliyin tələblərinə cavab verən jurnalistlərə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verilən, rəqəmlərin və (və ya) hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi olan rəsmi sənəddir. Vəsiqənin arxa hissəsində yerləşdirilmiş QR kodunu skan etməklə vəsiqə sahibini eyniləşdirmək, onun Media Reyestrinə daxil edilib-edilmədiyini, həmçinin vəsiqənin həqiqiliyini müəyyən etmək mümkündür.

Bildiririk ki, jurnalist vəsiqəsinin hər hansı forma və üsulla saxtalaşdırılması, istifadəsi qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə səbəb olur. Hazırda Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılır, fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun