Deputatlığa namizədlər arasında gənclər də çoxdur

1 Sentyabr 2024 18:31

Azərbaycanın Milli Məclisinə (parlament) yeni çağırış üçün keçirilən seçkilərdə namizədlərin arasında çoxlu sayda gənc var. Bunun bariz nümunəsi Bakının 18 saylı Narimanov-Nizami-Binəqədi dairəsi üzrə 35 saylı seçki məntəqəsidir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə seçki məntəqəsinin sədri Əsmər Baxışova bildirib.

Onun sözlərinə görə, gənc namizədləri bu gün "dəstək qrupları " müşayiət edib. Bu məntəqədə cəmi 9 namizəd var, onlardan 8-i isə 40-45 yaşadək olan nəsildir və yeni inkişaf edən şirkətlərdə çalışan işçilərdir.

"Bizim məntəqədə 1274 seçici var, günün ilk yarısında təxminən 25 faiz iştirak olub, axşama doğru aktivlik artacaq, insanlar istidən qurtulduqda iştirak daha da yüksələ bilər. Düşünürəm ki, seçki hüququ olan vətəndaşlar səsvermə iştirakının qanunverici orqanının formalaşmasına təsir etdiyini başa düşürlər. Deputatlar xalqın seçdiyi şəxslərdir və onların maraqlarını təmsil edirlər", - deyə Baxışova vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Azərbaycanda 6 421 960 nəfər seçici var. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir. 6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir.

İşğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyət göstərəcək. 10 məcburi köçkün dairəsi var. Onlardan 7-si daimi, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862 nəfərdir. Azad edilmiş ərazilərdə 42 mindən artıq seçici səs verəcək.

Növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçici 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicinin 109 yaşı var.

Parlament seçkilərində 2500-ə yaxın məntəqədə "exit-poll" keçiriləcək. Üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdan keçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək.

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün 112 min 749 yerli müşahidəçi qeydiyyatdan keçib. Onların 65 mindən çoxu siyasi partiyaların təmsilçiləridir.

598 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəcilər 51 qurum, 69 ölkəni təmsil edirlər.

Növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT/DTİHB-dən 227 nəfər, ATƏT PA-dan 61 müşahidəçi qeydiyyatdan keçib.

Parlament seçkilərində namizədliyi qeydə alınan 990 nəfərdən 305 nəfər 25 siyasi partiyanın nümayəndələridir. Namizədlərdən 371 nəfərin siyasi partiya mənsubiyyəti olsa da, partiya tərəfindən irəli sürülməyib. Ümumilikdə namizədlərdən 676 nəfərin siyasi partiya mənsubiyyəti var.

Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə də daşınan seçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələri daşınan seçki qutusu ilə təmin olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun