Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədri Sergey Xomenko və Belarus Respublikası Milli Məclisi Respublika Şurasının Qanunvericilik və dövlət quruculuğu üzrə daimi komissiyasının sədr müavini Aleksey Vasilyev Qarabağda Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkiləri izləyiblər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Belarus Respublikasından olan müşahidəçilər səsvermə prosesini Füzulidə izlədikdən sonra Xankəndi şəhərinə gəliblər.
Onlar Xankəndi şəhərindəki keçmiş mərkəzi inzibati binada yaradılmış 14 saylı və Kərkicahan qəsəbəsindəki 15 saylı məntəqələrdə seçki prosesi ilə tanış olublar.
Belaruslu müşahidəçilər daha sonra Şuşa şəhərinə yola düşüblər.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Azərbaycanda 6 421 960 nəfər seçici var. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir. 6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir.
İşğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyət göstərəcək. 10 məcburi köçkün dairəsi var. Onlardan 7-si daimi, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862 nəfərdir. Azad edilmiş ərazilərdə 42 mindən artıq seçici səs verəcək.
Növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçici 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicinin 109 yaşı var.
Parlament seçkilərində 2500-ə yaxın məntəqədə "exit-poll" keçiriləcək. Üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdan keçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun