Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 700 nəfərə yaxın müşahidəçi ilə seçkiləri izləyir - FOTO

1 Sentyabr 2024 13:26

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 700 nəfərə yaxın nümayəndəsi respublika üzrə seçki müşahidəçiliyi aparır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 33 saylı seçki məntəqəsində prosesi izləyən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının müşahidəçisi Vüqar Məhərrəmov Ağalıda əhali fəal şəkildə seçkilərə gəldiyini deyib. O bildirib: "Azad edilmiş ərazilərdə ilk dəfədir ki, parlament seçkiləri keçirilir. Zəngilan Qayıdışın ilk ünvanıdır. Seçki məntəqəsində hər hansı pozuntu halı ilə qarşılaşmamışıq. Seçicilərin səsvermə hüququndan rahat istifadə edə bilmələri üçün hər cür şərait yaradılıb. Proses dinc, normal axarda davam edir. Burada digər QHT təmsilçiləri də müşahidə aparırlar. Qeydlərimizi götürürük".

Şuşa şəhərində 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin 46 saylı məntəqəsində prosesi izləyən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının müşahidəçisi Anar Məmmədov da deyib ki, seçki prosesi normal şəkildə davam edir, hər hansı kənar müdaxilə faktı qeydə alınmayıb.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov 20 saylı Nərimanov II seçki dairəsinin 31 saylı seçki məntəqəsində müşahidə apardığını, burada da prosesin normal qaydada davam etdiyini bildirib. "Əksər rayonlarda müşahidəçilərimiz var. Onlardan yerlərdə vəziyyət barədə fasiləsiz olaraq məlumatları alırıq. Veteranlarımız ictimai nəzarəti təmin etməkdə çox fəaldırlar. Hər hansı ciddi problem müşahidə olunmayıb, seçki məntəqələri işini yüksək səviyyədə qurub".

Qeyd edək ki, bu il parlament seçkilərində müşahidə aparmaq məqsədilə vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən 5500 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçib. Bu da əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir. Onlar 16 ictimai təşkilatı təmsil edirlər. QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı qeyd olunan kateqoriya üzrə 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki saydan isə 4 dəfə çoxdur.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun