Bir ildə 2-ci dəfə narkotik çəkib maşın sürdü: həbs olundu

31 Avqust 2024 19:36

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yevlax rayonu ərazisində yerləşən stasionar postunda yükdaşıma qaydalarını pozan "İsuzu" markalı evakuator sürücüsü saxlanılıb.

Bu barədə Milli.Az-a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, sənədlərin yoxlanılması zamanı avtomobili idarə edən paytaxt sakini Nadir Həsənovun hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.

Müayinə və araşdırma zamanı N.Həsənovun avtomobili narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə idarə etməsi, habelə eyni əməli il ərzində təkrar törətməsi müəyyən olunub.

N.Həsənov barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, sürücülük hüququ iki il müddətə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun