Bakıda bizi maraqlı və rəqabətli yarışlar gözləyir - Avropa Gimnastika rəsmisi

31 Avqust 2024 14:53

"Sevindirici haldır ki, "TeamGym" üzrə 15-ci Avropa çempionatının keçirilməsi bu dəfə yüksək təşkilatçılıq qabiliyyətinə malik Azərbaycan Gimnastika Federasiyasına həvalə olunub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Avropa Gimnastikasının "TeamGym" üzrə Texniki Komitəsinin prezidenti Per Şoustrand Bakıda ilk dəfə keçiriləcək Avropa çempionatı haqqında danışarkən deyib.

Komitə rəhbəri, Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq yarışlara ev sahibliyi etməkdə böyük təcrübəyə malik olduğunu vurğulayıb: "Bakıda bizi maraqlı və rəqabətli bir yarış gözləyir. Bu turnir hər il Avropanın müxtəlif ölkələrində təşkil olunur. Yeni şəhərləri və fərqli mədəniyyətləri kəşf etmək bizə həmişə zövq verir. Hər ölkədə yeniliklərlə qarşılaşırıq və inanırıq ki, Bakıda da tamamilə fərqli bir atmosfer olacaq".

O, yarışda qitənin ən güclü komandalarının iştirak edəcəyini qeyd edərək əlavə edib: "Ümid edirəm ki, Milli Gimnastika Arenasında tamaşaçıların möhtəşəm dəstəyi bizi daha da həyəcanlandıracaq, azarkeşlər idmançıların çıxışlarından zövq alacaqlar. Bu çempionatı fərqli formatda keçirməyi planlaşdırırıq. Hazırda gimnastikanın bu növü Avropanın 20 ölkəsində sürətlə inkişaf edir və inanırıq ki, bu rəqəm ildən-ilə artacaq. Digər ölkələr də mötəbər turnirlər təşkil edərkən Azərbaycanın təcrübəsindən faydalanacaqlar".

Qeyd edək ki, "TeamGym" üzrə Avropa çempionatı oktyabrın 16-19-da Milli Gimnastika Arenasında keçiriləcək. Yarışda 14 ölkədən 268-i böyük və 230-u yeniyetmə olmaqla, ümumilikdə 498 idmançı iştirak edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun