Bakıda 12.5 km-lik mikromobillik zolağı təşkil edilib - FOTO

30 Avqust 2024 18:59

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində artıq 12,5 km-lik mikromobillik zolağı təşkil edilib.

Qurumdan Milli.Az-a bildirilib ki, görülən işlər nəticəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub.

Həmçinin, avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb.

Şəhərdə mövcud olan işıqfor dirəklərində velosiped bölmələrinin quraşdırılması işləri davam etdirilir.

Xatırladaq ki, Bakı şəhərində ilk velosiped kirayəsi xidməti də fəaliyyətə başlayıb. Mikromobillik vasitələrinin parklanması üçün şəhərdə 50-yə yaxın məntəqə yaradılıb. Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də, bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində AYNA tərəfindən velosiped zolaqları şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun