Maşın bazarında pul üstündə dava düşdü - Məhkəmə

29 Avqust 2024 20:10

Cəlilabad rayonunda 1968-ci il təvəllüdlü Sarıbala Məmmədov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Şəmsəddin Rüstəmovu qətlə yetirib.

Milli.Az demokrat.az-a istinadən xəbər verir ki, Sarıbala 16 yanvar 2022-ci ildə, saat 11 radələrində Cəlilabad rayonu, Cavadxan küçəsində yerləşən "Maşın bazarı" adlanan ərazidə Cəlilabad şəhər sakini Şəmsəddin ilə avtomobil alqı-satqısı ilə bağlı aralarında yaranmış mübahisə zamanı özünə məxsus avtomobildən bıçaq götürüb və ona yaxınlaşıb.

Sarıbala Şəmsəddinin ona qarşı nalayiq sözlər deməsinə iradını bildirib və əlindəki bıçaqla onun qarın nahiyəsinə bir dəfə vurub. Həmin gündən etibarən yerləşdirildiyi tibb müəssisələrində stasionar qaydada müalicəsi davam etdirilən Şəmsəddinə göstərilən ixtisaslı tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, həmin ilin martın 29-da müalicə aldığı xəstəxanada ölüb.

Hadisəni törədən Sarıbala barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sarıbala ona Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 16 yanvar 2022-ci ildə, səhər saatlarında oğlu Vüsala avtomobil almaq məqsədilə onunla birlikdə özünə məxsus VAZ-2106 markalı avtomobillə Cəlilabad şəhərində İran bazarı adlanan ərazidə yerləşən maşın bazarına gedib: "Bazarda olarkən rayon sakini Şəmsəddinlə aramızda avtomobilin pulu ilə bağlı mübahisə yarandı. Mübahisə zamanı Şəmsəddin mənə qarşı nalayiq ifadələr işlədərək boğazımdan yapışdı, məni boğdu. Sonra isə yumruqla vuraraq dişimi sındırdı. Bu zaman özümü müdafiə etmək üçün avtomobilimdə olan bıçağı götürdüm və onun qarın nahiyəsindən bir bıçaq zərbəsi vurdum. Sonra rayon polis şöbəsinə gedərək könüllü təslim oldum. Polis şöbəsində olarkən hadisə barəsində ətraflı izahat və ifadələr vermişəm, bıçağı könüllü olaraq istintaqa təqdim etmişəm. Şəmsəddini öldürmək fikrim olmayıb. O, mənə söyüş söydüyü üçün onu qorxutmaq məqsədilə xəsarət yetirmişəm. Himayəmdə heç bir yerdə işləməyən arvadım və bir azyaşlı uşağım var. Təqsirimi qismən etiraf etməklə əməlimdən peşmançılıq keçirirəm".

İş üzrə zərərçəkmiş Şəmsəddin Rüstəmovun hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, hadisə vaxtı orada olmayıb: "16 yanvar 2022-ci ildə xatırlamadığım şəxs telefonla mənə zəng edərək qardaşım Şəmsəddinin bıçaqlandığını dedi. Xəbəri eşidərək xəstəxanaya getdim. Şəmsəddinin üzərində əməliyyat aparıldı, aldığı ağır xəsarətlə bağlı bir neçə dəfə müəyyən xəstəxanalarda müalicə olundu. Üç aydan sonra dünyasını dəyişdi. Qardaşım xəstəxanada müalicə olunarkən təqsirləndirilən şəxsin qohumları tərəfindən ona heç bir maddi yardım və mənəvi köməklik göstərilməyib. Təqsirləndirilən şəxsi bağışlamırıq".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sarıbala 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun