Bakıda mətbuat işçisinin arvadı həbs edildi
26 May 2010 11:41
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, tutulan Ceyran Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsi ilə axtarışda olub.
Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində C.Məmmədova mayın 25-də tutulub.
C.Məmmədova həbs olunmamışdan əvvəl Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə məhkum olunub. Belə ki, o, 2007-ci ildə həyat yoldaşı, "Hakimiyyətin dördüncü kamerası" qəzetinin hüquq şöbəsinin müdiri Faiq Məmmədovla əlbir olub, vətəndaşların etibarından sui-istifadə edərək mənzillərini əllərindən amaqda təqsirləndirilərək hər biri 7 il müddətinə şərti azadlıqdan məhrum edilmişdi.
Sonra Baş Prokurorluq Bakı Apellyasiya Məhkəməsinə hökmdən apellyasiya protesti verib və təqsirləndirilən şəxslərin cəzasının ağırlaşdırılmasını istəyib. Məhkəmə F.Məmmədov və C.Məmmədovanın barəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü dəyişdirib və onların barəsində təyin edilmiş 7 il şərti cəzanı 3 il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edib.
Anar Məmmədov
Milli.Az