Maarifçiliyə yol açan cəsur Sona xanım Axundova...
25 İyun 2012 14:25
Məlum olduğu kimi, ötən əsrin birinci yarısı Azərbaycanda böyük bir ziyalı nəslinin yetişməsi və onların ictimai həyatda böyük dəyişikliklərə imza atması ilə əlamətdardır. Keçən əsrdə Azərbaycanın ziyalı qadınlarını təmsil edən maarifpərvər və yüksək təhsilli xanımlarımızdan biri də Sona xanım Axundova olub. O, Azərbaycanın ilk ali təhsilli, ziyalı xanımlarından biri idi. Sona xanım dünya şöhrətli bəstəkarımız Qara Qarayevin anasıdır.
Sona İsgəndər qızı Axundova 1898-ci ildə Bakı şəhərində İsgəndər bəyin ailəsində dünyaya gəlib. İsgəndər Mirzə Əbülhüseyn oğlu Axundov əslən Şamaxıdan olub. Əvvəlcə molla yanında ibtidai təhsil alıb, sonra da gimnaziyada oxuyub. Tanınmış vəkil kimi o dövrdə məşhur idi.
Sonagil ailədə beş uşaq idilər. Üç bacı, iki qardaş. 13 yaşında olanda valideynləri onu Bakı şəhər Bələdiyyə İdarəsi yanında qız məktəbinə qoyublar. Bu məktəbi bitirdikdən sonra o, "Müqəddəs Nina" məktəbində təhsil alıb. O dövrdə fortepiano ifaçılığına da maraq göstərən Sonanın bu arzularına dövrün qaragüruhu çox pis münasibət bəsləyib. Əlbəttə, Sonanı fikrindən döndərmək çox çətin idi. Onun işığa can atması qara qüvvələrin xoşuna gəlmirdi. Onlar hər cür vəhşiliyə əl ata bilərdilər. Sona nə qədər cəsur, qorxmaz olsa da, hər zaman təhlükədə idi. Çünki qoçular tez-tez qardaşlarını hədələyərək deyirdilər: "Biqeyrətlər! Sizin başınızdakı papaq deyil, örpəkdir. Kişi də bacısını məktəbə göndərər?" Bütün bunları ürəkağrısı ilə götür-qoy edən Sona həm də tərəddüd keçirirdi. Təhsil alsın, ya yox?! Hər ikisi ölümə bərabər idi. Bu səbəbdən də fikrini qətiləşdirdi: "Yox, məktəbə getməliyəm, ölsəm də bu yolda öləcəyəm", - deyə ürəyində öz qərarını verdi. Xoşbəxtlikdən Sonanın valideynləri - atası İsgəndər bəy və anası Züleyxa xanım da maarifə, mədəniyyətə böyük əhəmiyyət verən insanlar idi. Ona görə də, övladlarının savadlı böyüməsini, təhsil almasını, bu qaranlıq mühitdən çıxıb həyat işığı görməsini çox arzulayırdılar.
Ədəbiyyatşünas alim Şamil Qurbanovun vaxtilə qələmə aldığı kiçik bir yazıda onun barəsində ilk dəfə məlumat oxuduq. Müəllifin təqdimatı çox cəlbedici idi: "1910-cu ilin küləkli və şaxtalı qış günlərindən biri idi. Qara çadraya bürünmüş ürkək və məsum bir qız Bakının tozlu küçələri ilə şəhər Bələdiyyə İdarəsinə tərəf, işıq və səadət umduğu qız məktəbinə sarı gedirdi. Qorxudan və həyəcandan ürəyi quş ürəyi kimi döyünür, hər səsə, hər hənirtiyə dayanır, qorxulu bir şey görmədikdə, yenidən yoluna davam edirdi. 13 yaşı təzəcə tamam olmuş bu qızcığaz iki yol ayrıcında qalmışdı: ya məktəbə gedib savadlı qızlardan biri olmaq, ya da evdə dörd divar arasında oturub ömür-gün çürütmək. Dünən məhəllə qoçuları onu yoldan qaytarıb demişdilər:
- Bir də məktəbə getsən, özünü ölmüş bil, ha!
Gənc qız bu xəbərdarlığa biganə qala bilməzdi. Belə şeylər üstündə hər gün küçələrdə öldürülən, döyülüb təhqir olunan az deyildi. Elə gün olmurdu ki, küçədə ana fəryadı, övlad naləsi eşidilməsin".
Şəfiqə Əfəndizadənin tələbəsi
Sona Axundovanın qətiyyətli olmasında sevimli müəllimi Şəfiqə xanım Əfəndizadənin də böyük rolu olub. O, təhsil almaq, oxumaq istəyən gəncləri, xüsusilə də qızları başına yığaraq deyirdi: "Cəmiyyətimizin gələcəyi sizin təhsilinizdən çox asılıdır. İndi siz azsınız, amma çox keçməz ki, yüzlərlə bacınız qaranlıq daxmalardan... çıxıb, sizin arxanızca gələrlər".
Sona Axundova hələ qızlar məktəbində oxuyarkən şeirə böyük maraq göstərirdi. O, Şəfiqə xanımın köməyi ilə Mirzə Ələkbər Sabirin şeirlərini tapıb oxuyurdu. Eləcə də "Molla Nəsrəddin" jurnalında dərc edilmiş satirik şeirlərdən, məqalə və karikaturalardan xəbərdar idi. Daxilində yeniliyə böyük həvəs, vətənpərvərlik hissləri xüsusi yer tutmuş Sona Axundovanın ədəbiyyata, şeirə bağlılığı getdikcə artırdı. O, ilk dəfə öz şeirlərini Şəfiqə xanım Əfəndizadənin təkidi ilə Sultan Məcid Qənizadəyə oxumuşdu. Azərbaycanlı qızın şeir yazması qocaman yazıçını heyrətə gətirmişdi. Vətən haqqında yazılmış şeir Sona Axundovanın qəlb harayı idi:
Vətənin qədri əzizdir
Sonaya canı kimi,
Sevər öz yurdunu
qəlbində imanı kimi,
Vətəni sevəcəkdi
əhd ilə peymani kimi,
Olmaram razı əgər
cəhldə qalsa vətənim,
Vətənim qalsa əgər,
cəhldə yansın bu tənim.
Sultan Məcid Qənizadə şeiri alıb özü də oxuyur. Sonra da şeiri ondan alır. Səhəri gün "Səda" qəzetində dərc etdirir. Hətta qəzet belə bir haşiyə də verir: "Sona xanımın "Vətənim, vətənim" kimi xitabları hər kəsin qəlbində bir hüsn oyandırıb. Vətənin tərəqqisi və təması yolunda qeyrət edəcəyinə əminik". Aradan bir gün keçəndən sonra daha bir gözlənilməz hadisə baş verir. Sona xanımın həmin şeirini şəhərdə ən kütləvi tirajla çıxan "Kaspi" qəzeti baş redaktor A.Vaynberqin poetik tərcüməsi ilə öz səhifəsində dərc edir. Bu hadisədən sonra Sona Axundovanın həmin şeirini bir sıra qəzetlər də çap etdi. Hətta şeirə nəzirələr də yazılır. Ən maraqlısı da bu idi ki, heç tanımadığı, üzünü belə görmədiyi Şevryov familiyalı bir rus şairi də azərbaycanlı qızının şeirindən təsirlənərək ona öz poetik münasibətini bildirmişdi. Bu hadisələrdən az sonra "İşıq?" adlı qadın jurnalında Sona xanımın maarifə, mədəniyyətə çağırış ruhlu xeyli şeirləri dərc olunub.
Həyatını övladlarına bəxş etdi
1911-ci ildə Bakıda Xədicə Əlibəyovanın redaktorluğu ilə "İşıq" adlı ilk qadın qəzeti çap olundu. Bu qəzetlə əməkdaşlıq edən Sona Axundovanın maarifə, mədəniyyətə çağırış ruhlu şeirləri müntəzəm çap olunurdu. Onun şeirləri əsasən qadınlara ünvanlanırdı. O, ən çox da "bacılar, rəfiqələrim" deyərək, Azərbaycan xanımlarını cəmiyyətdə, ictimai həyatda fəal olmağa, teatra getməyə, savadlanmağa, bir sözlə, oyanışa səsləyirdi. "İşıq" qaranlıq bir zamanda ətrafı şölələndirmək istəyəndə bu nurun daha gur olmasında Sona xanımın da böyük rolu var idi. O, bir irfan yolunu tutub gəlmişdi, ardıcılları da yetişirdi.
Sona xanım Axundova tanınmış həkim Əbülfəs Qarayevlə ailə həyatı qurmuşdu. Əbülfəs Qarayev Azərbaycanın ilk peşəkar pediatoru, Rusiyanın nüfuzlu Odessa Universitetinin tibb fakültəsinin məzunu idi. Onların Qara və Mürsəl adlı övladları dünyaya gəlmişdi. Sona xanım sonradan bədii yaradıcılıqla məşğul olmayıb. Həyatını ailə qayğılarına həsr edib. Dünya şöhrətli bəstəkar Qara Qarayev, görkəmli həkim, gözəl insan Mürsəl Qarayev kimi övladlar böyüdüb. Ondan soruşulanda ki, nə üçün yaradıcılıqla məşğul olmursunuz? O deyərmiş: "Xalq üçün, cəmiyyət üçün faydalı övladlar böyütmək yaradıcılıq deyilmi!?"
Nəvə Əbülfəs Qarayevin xatirələrindən: "Mənə elə gəlir ki, həm atamın, həm də Qara əmimin tərbiyəsində nənəm Sona xanımın çox böyük rolu olub. Çünki o özü şairə idi, Azərbaycanda ali təhsil almış ilk qadınlardan biri idi. Tağıyevin açdığı qızlar məktəbini bitirmişdi. Bütün varlığında əbədi bir nur qərar tutmuşdu. Ədəbiyyatı, musiqini çox sevirdi. Yaradıcı şəxsiyyət idi. Hamımızda onun təsiri var".
Sona xanım Axundova 1971-ci ildə vəfat edib.
"Azadlıq" qəzeti