“Taliban”dan qadınlara yeni qadağalar

23 Avqust 2024 09:35

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatı  qadınların kişilərə baxmasını, ictimai yerlərdə və evlərində yüksək səslə danışmasını qadağan edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 114 səhifədən ibarət qəbul edilmiş yeni qanunlarda rejim Əfqanıstan vətəndaşları üçün gündəlik həyatı tənzimləyən sərt tədbirləri elan edib.

"Taliban" hərəkatının ali lideri Hibətullah Axundzadə tərəfindən təsdiq edilən qanunlarda deyilir ki, bütün qadınların ictimai yerlərdə bədənlərini tam örtməsi, əsasən isə üz örtüyü məcburidir.

Yeni qaydaların 13-cü maddəsində bildirilib ki, geyim nazik, dar və ya qısa olmamalıdır. Bunlara riayət edilməməsi həbslə nəticələnə bilər.

Həmçinin qadınların qohumluq və ya nikah qohumluğu olmayan kişilərə baxması qadağan edilib.

Xatırladaq ki, "Taliban" qruplaşması 1994-cü ildə yaradılıb. 1996-2001-ci illərdə Əfqanıstanın əksər ərazisinə nəzarət edib. 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun