Səhiyyə Nazirliyindən meymunçiçəyi ilə bağlı AÇIQLAMA

22 Avqust 2024 10:02

Meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir.

Milli.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

"Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2-4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.

İnfeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür.

Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir.

Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur".

Qeyd edək ki, TƏBİB bu günə qədər tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinmədiyini açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun