Azərbaycan-Rusiya münasibətləri tarixi, iqtisadi və siyasi cəhətdən köklü əlaqələrə əsaslanır - Azər Qarayev

20 Avqust 2024 14:26

Azərbaycan-Rusiya münasibətləri tarixi, iqtisadi və siyasi cəhətdən əhəmiyyətli köklərə söykənir. Həm regionda, həm də beynəlxalq arenada strateji əhəmiyyətə malik olan bu əlaqələr hər iki ölkənin müstəqillik, ərazi bütövlüyü və daxili işlərə müdaxilə etməmək prinsiplərinə əsaslanır.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

A.Qarayev qeyd edib ki, bu əlaqələrin əsas sütunlarından biri Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərləri və Prezident İlham Əliyevin regionda sülh və əməkdaşlıq təşəbbüslərinə verdiyi dəstəkdir.

"Vladimir Putinin şəxsiyyəti və Rusiya siyasəti dünya miqyasında müxtəlif reaksiyalarla qarşılanır. Ancaq etiraf etmək lazımdır ki, Sovet rəhbərlərindən L.Brejnevdən sonra Azərbaycana Putindən daha isti münasibət göstərən Rusiya lideri olmayıb. Putinin prezidentliyi dövründə Rusiya-Azərbaycan münasibətləri sürətlə normallaşmağa başladı və bu əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etdirildi. İlham Əliyevin səyləri sayəsində Rusiyanın Azərbaycana qarşı siyasətində köklü dəyişikliklər baş verdi".

Politoloq əlavə edib ki, iqtisadi-ticarət əlaqələri də bu əlaqələrin mühüm hissəsini təşkil edir:

"2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,5 milyard dolları keçərək, 17% artım göstərdi. 2024-cü ildə isə bu rəqəmin daha da artacağı gözlənilir. Əsas sahələr sənaye, kənd təsərrüfatı, turizm kimi istiqamətlərdir. Şimal-Cənub nəqliyyat dəhlizi isə hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır və bu sahədə əməkdaşlıq getdikcə daha da möhkəmlənir.

"Azərbaycanın müstəqil xarici siyasəti, həm Qərb, həm də Rusiya ilə bərabər səviyyədə əməkdaşlıq etməsi, ölkənin beynəlxalq arenada öz maraqlarını qorumaq üçün apardığı müdrik siyasətin nəticəsidir. Azərbaycanın həm BRİKS, həm ŞOS kimi platformalarda iştirak etməsi, həm də Avropa İttifaqı və Qərbin digər strukturları ilə əməkdaşlıq etməsi onun çoxşaxəli diplomatiyasının bir göstəricisidir. Azərbaycanın Rusiya-Ukrayna qarşıdurmasında beynəlxalq hüquqa əsaslanan mövqeyi də onun dünya miqyasında sülh və dialoq məkanı kimi tanınmasını təmin edir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin apardığı məharətli diplomatiya və Putinin rəhbərliyi altında Rusiya ilə qurulmuş düzgün münasibətlər Azərbaycanın regionda və dünya miqyasında sülh və təhlükəsizliyə verdiyi töhfəni əks etdirir. Azərbaycanın öz milli maraqları çərçivəsində apardığı müstəqil siyasət onu dünya miqyasında hörmətlə qəbul edilən bir dövlətə çevirib".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun