AQTA dəhşətli faktı açıqladı: Azərbaycanda dönər yeməyin

19 Avqust 2024 12:14

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə 310 müəssisədə monitorinq keçirib. Onlardan 1 müəssisənin vəziyyəti qənaətbəxş hesab olunub, 309 müəssisədə isə bir sıra nöqsanlar aşkar edilib. Agentlik tərəfindən dönər satışı həyata keçirilən 310 obyektdə maarifləndirilmə məqsədilə hazırlanan posterin yerləşdirilməsi təmin olunub. Bununla yanaşı, həmin ictimai iaşə müəssisələrinin rəhbərlərinə bu sahədə mövcud tələbləri özündə əks etdirən xəbərdarlıq məktubları göndərilib.

310 müəssisədən 309-unda nöqsan olubsa, bu, ciddi məsələdir. Deməli. əhalinin sağlamlığı böyük təhlükə altındadır. AQTA isə ciddi tədbir görmək əvəzinə "poster layihəsi"nə üstünlük verir. Bununla həmin müəssisələr fəaliyyətlərində dönüş edəcəklər?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı qida məsələləri üzrə mütəxəssis, ekspert Ağa Salamov Publika.az-a verdiyi açıqlamada bildirdi ki, hazırda ictimai iaşə müəssisəsi açmaq asandır:

"Məsələ müəssisəni necə işlətməkdir. Burada qida zəncirini qırmaq olmaz. Qida təhlükəsizliyi ön planda olmalıdır. Bunun üçün ən mühüm addım maariflənmədir. Amma maariflənmə yanlış insanlar arasında aparılır. Çünki heç bir sahibkar dönər hazırlamır. Sahibkarlardan başqa işçi heyətinin də maarifləndirilməsi lazımdır. Belə ki, qida təhlükəsi bilgilərinə sahib olan və ən az bakalavr təhsil olan mütəxəssislər bu problemlər üzərində işləməlidirlər.

İndi hər sertifikatı olan təlim keçir. Təlim keçən adamın qida təhlükəsizlik bilgiləri və mikrobiologiyadan anlayışı olmalıdır. Bundan sonra həmin mütəxəssislər keyfiyyəti yüksəltmək üçün işlər aparmalıdırlar. Hər bir müştəriyə xidmət göstərən, onun üçün yemək hazırlayan şəxsin ən azı peşə təhsili olmalıdır. Qida təhlükəsizliyi haqqında bilməlidir. Öncə biz bunlara baxmalıyıq ki, işləyənlər bu meyarlara nə qədər cavab verir. Ondan sonra isə ciddi nəzarət və lazımi tədbirlər görülməlidir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun