Bütün dünyanın gözü Bakıda - Putin niyə Azərbaycana gəldi?

19 Avqust 2024 11:54

Rusiya tarix boyu güclü dövlətlərdən biri olub və bu gün də öz gücünü qoruyub saxlayır. Hazırda Ukrayna ilə müharibə fonunda bütün dünya Rusiyaya qarşı olsa da, böyük dövlətlər Rusiyanın regiondakı mövqeyini zəiflətməyə çalışsalar da, sanskiyalar tətbiq edərək iqtisadiyyatını çökdürmək istəsələr də Rusiya qüdrətini qoruya bilib. Lakin, bu gün Rusiya ordusu çətin günlər yaşayır. Ukrayna ordusunun Rusiya ərazisinə müdaxiləsi və Rusiya ordusunun bunun qarşısını ala bilməməsi də bunu deməyə əsas verir.

Məlum olduğu kimi, Rusiya Prezidenti hazırda Bakıdadır. Ötən gün Bakıya gələn dövlət başçısı İlham Əliyevin evində qonaq olub, onlar birlikdə şam ediblər. Putinin bu gün Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyacağı, Şəhidlər xiyabanını ziyarət edəcəyi, İlham Əliyevlə rəsmi görüşü olacağı, danışıqların nəticəsində liderlərin birgə bəyanatı qəbul ediləcəyi, bir sıra hökumətlərarası və digər sənədlərin imzalanacağı gözlənilir. Onun səfəri bugün axşam yekunlaşacaq.

Putinin Bakıya səfəri, xüsusən də, bunun Ukrayna ordusunun Rusiya ərazisinə müdaxiləsindən sonra baş tutması bir sıra suallar yaradır. Putini Azərbaycana gətirən səbəb nədir?

Əvvəla, Rusiya Prezidentinin Bakıya səfərində qeyri-adi nəsə axtarmaq gərək deyil. Çünki, Azərbaycanla Rusiya arasında yaxın dostluq münasibətləri, dövlətlərarası dialoq yüksək səviyyədədir. Ölkələrimiz arasındakı əlaqə dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluq və bir birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub. Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasəti bu əlaqələrin daha da güclənməsinə şərait yaradır.

Dünyada mövcud olan qlobal nəqliyyat dəhlizləri arasında xüsusi yer tutan, 2000-ci ildə qurulan və ölkəmizin də 2005-ci ildən qoşulduğu Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi ilə bağlı Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq və Azərbaycanın bu dəhlizin inkişafı yönündə həyata keçirdiyi tədbirlər də iki ölkə arasındakı münasibətlərin daha da güclənməsində böüyük rol oynayır.

Bugün Azərbaycanın əlaqələri tək Rusiya ilə yox, demək olar ki, hər bir ölkə ilə yüksək səviyyədədir. Azərbaycan həm BRİKS, ŞOS kimi platformalarda iştirak edir, həm də Avropa İttifaqı və Qərbin digər qurumları ilə əməkdaşlıq edir. Ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsi olaraq Bakı bütün dünyanın diqqət mərkəzindədir. Məhz bu gün də bütün diqqətlər Bakıya yönəlib. Bütün siyasətçilər, ekspertlər Putinin Bakı səfərində nə deyəcəyini gözləyirlər. Putinin bugünkü çıxışı zamanı dediyi sözlər bütün dünya mətbuatında işıqlandırılacaq, ekspertlər, siyasətçilər tərəfindən yaxşı və ya pis yöndə şərh ediləcək.

Putinin Bakı səfərindən gözləntilərdən biri Ukrayna məsələsi ilə bağlıdır. Ekspertlər düşünür ki, Bakının Ukrayna ilə də münasibətlərinin yaxşı olması bu məsələnin həllində vasitəçi olma ehtimalını gücləndirir. Aydın məsələdir ki, Rusiyanın tərəfsiz məkana ehtiyacı var və Bakı bu baxımdan çox yaxşı seçimdir. Ukraynalı ekspertlər də Azərbaycanın yürütdüyü müdrik siyasəti nümunə gətirir və Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Qərblə Rusiya arasında münaqişə arenasına çevrilmədiyini qeyd edir, bunu yüksək qiymətləndirirlər. Birsözlə, dünyada dialoq məkanı kimi tanınan Azərbaycanın imkanlarından Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində istifadə oluna bilər.

İslam
Milli.Az