Roma cəngəlliyə çevrilir: Siçovul, ilan və digər həşəratlar ordusu şəhəri tutub

19 Avqust 2024 11:20

İtaliyanın Roma şəhərində zibil yığılmasında yaranan problemlər və yüksək temperatur səbəbindən siçovulların, ilanların və digər heyvanların sayında kəskin artım müşahidə olunur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Zooloq Andrea Lunerti hesab edir ki, ilanların, şərq eşşəkarısının, qağayıların və siçovulların sayının artması şəhəri əsl cəngəlliyə çevirir. Xüsusilə böyük miqdarda qida tullantılarının olması siçovulların bu ərazilərdə toplanmasına, onların ardınca isə ovçu ilanların şəhərə axın etməsinə səbəb olur. Roma sakinləri getdikcə daha çox gözlənilməz yerlərdə, o cümlədən soyunma otaqları və məktəblərdə ilanlarla qarşılaşırlar. Bununla belə, şəhər şurası vəziyyəti kritik hesab etmir, ilanların aktivliyinin küçələrdəki zibillə bağlı olmadığını və yığılmayan tullantıların miqdarının normadan az olduğunu iddia edir.

Avropanın digər böyük şəhərlərində də tullantıların yığılmasında yaranan problemlər oxşar vəziyyətlərə səbəb olub. Məsələn, Fransanın paytaxtı Parisdə keçirilən Olimpiya Oyunları zamanı sakinlər və turistlər leysan yağışlarından sonra kanalizasiyadan çıxaraq əhalinin sağlamlığı üçün təhlükə yaradan siçovullarla qarşılaşıblar. Şəhər küçələrində gəmiricilərin və digər heyvanların sayının artması ciddi ekoloji və sanitar problem olaraq qalır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun