COP29 Könüllüləri “Təkrar emal fəalları” adlı təmizlik aksiyası keçiriblər - FOTO

15 Avqust 2024 17:26

COP29 Könüllüləri avqustun 15-də Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən parklardan birində "Təkrar emal fəalları" adı altında növbəti təmizlik aksiyası keçiriblər.

Aksiya zamanı könüllülər park ərazisini təmizləyərək toplanmış məişət tullantılarını təkrar emal üçün "Təmiz Şəhər" ASC-yə təhvil veriblər.

Ekoloji aksiya çərçivəsində könüllülər parkda istirahət edən sakinlərlə ictimai təmizliyə riayət olunması və şəhər parklarının ekoloji durumunun sağlamlaşdırılmasının əhəmiyyəti barədə maarifləndirici söhbət aparıblar. Könüllülər həmçinin bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı barədə sakinləri məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Ekoloji tədbir "Təmiz Şəhər" ASC-nin tullantılarının idarəedilməsi fəaliyyəti ilə tanışlıqla davam edib. Aksiya çərçivəsində toplanan 230 kilodan çox həcmdə müxtəlif növ bərk məişət tullantıları könüllülər tərəfindən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna növbəti təkrar emal üçün təhvil verilib. Müəssisəyə baş çəkən könüllülər tullantıların düzgün idarə edilməsi təcrübələri, müasir emal sistemləri və tendensiyalar haqqında faydalı məlumatlar əldə edib, tullantıların çeşidlənməsi, yerləşdirilməsi və zərərsizləşdirilməsi proseslərini əyani izləyə biliblər.  

Qeyd edək ki, bu təşəbbüs COP29 könüllüləri tərəfindən iqlim dəyişmələri problemləri və onların həlli yolları, həmçinin  bu istiqamətdə kollektiv və birgə fəaliyyətin rolu haqda ictimaiyyətin məlumatlılığının artırılmasına yönəlmiş davamlı fəaliyyətin bir hissəsidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun