ABŞ danlağının nəticəsi oldu - Müxalifətdə "canlanma" var

15 Avqust 2024 17:05

Bir neçə gün əvvəl Bakıda səfirlərin təcili toplantısı barədə məlumat vermişdik. Məlumatda bildirilirdi ki, Avropa İttifaqının Bakıdakı ofisində səfir Piter Mixalko, ofisin bəzi əməkdaşları və Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı ilə AXCP sədri Əli Kərimli, Musavat Partiyasının sabiq və indiki sədrləri İsa Qəmbər və Arif Hacılı, həmçinin müxalifəti təmsil edən daha bir neçə şəxsin iştirakı ilə görüş təşkil olunub. Masanın üzərində Aİ bayrağı ilə yanaşı LGBT bayrağının qoyulduğu görüşdə ABŞ və Böyük Britaniyanın səfirləri də iştirak edib. Görüşün qısa məzmunu ondan ibarət idi ki, Piter Mixalko Bakıda müxalifət nümayəndələrini danlayıb, fəaliyyətsizlikdə günahlandırıb, pullarını kəsməklə hədələyib.

Həmin görüşdən iki gün sonra müxalif qüvvələrdə "canlanma" var. Maliyyənin kəsilməsindən narahat olan bu şəxslər canfəşanlıq göstərərək, uşaq tərzi davranışları ilə yenidən "fəaliyyətə başlayıblar". Onlardan biri də Əli Kərimlidir. Liderlik xüsusiyyətlərinə malik olmayan bu şəxs son paylaşımları ilə özünün çarəsiz durumda olduğunu göstərməyə çalışıb. Yazıq vəziyyətini alan Əli Kərimlinin son postları hamısı insan azadlıqları ilə bağlıdır. ABŞ səfirinə sığanan "lider"in evində internetin zəif olmasından şikayətlənməsi onu daha da gülünc duruma salır. Bu kimi giley-güzarlar onun fəaliyyətinə də kölgə salır.

AXCP lideri təqib olunduğunu iddia edir, ABŞ-dən kömək umur. Hansı ki, bu ölkənin siyasəti hamıya məlumdur. ABŞ Səfirliyin X platformasında yaydığı məlumatda deyilir ki, avqustun 14-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Kərimli ilə görüşüb, ona qarşı açılan cinayət işi ilə maraqlanıb. Səfir Libbi ABŞ-ın demokratiya, insan haqları və əsas azadlıqlara dəstəyini bir daha təsdiqlədi", - səfirliyin bəyanatında deyilir.

Amerika hər kəsin ağlında dünyanın ən demokratik, ən düzgün, ən humanitar, ən ədalətli ölkəsi kimi təəssürat formalaşdırmağı bacarıb. Təəssüf ki, ABŞ ilə bağlı reallıq tam başqadır. ABŞ illərlə üzdə özünü sülhsevər, problem həll edən, münaqişə sevməyən tərəf kimi göstərsə də, tarix boyu bunun əksini müşahidə etmişik. İraq, Liviya, Suriya, Əfqanıstanda baş verənlər bunu deməyə əsas verir. ABŞ üçün nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlıdır. Onların məqsədi dünyada müəyyən gərginlik nöqtələri yaradaraq siyasi oyunlar oynamaqdır.

Dünyada elə bir ölkə yoxdur ki, ABŞ-nin ora mənfi təsiri olmasın. Qonşu ölkələrdən Gürcüstan və Türkiyə də ABŞ-nin ikiüzlü siyasətindən əziyyət çəkən ölkələrdəndir. Türkiyədə FETÖ vasitəsi ilə çevriliş cəhdi edən, Saakaşvilinin vaxtında Gürcüstanı Rusiya ilə münaqişəyə təhrik edib sonra geri çəkilən ABŞ indi də əsas rəqiblərindən olan Rusiyanı zəiflətmək üçün Ukraynadan istifadə edir.

ABŞ-nin yürütdüyü siyasətin nəticəsi göz önündədir. Bir sıra ölkələri viran qoyan ABŞ bu siyasətini tam gizli şəkildə, demokratiya adı altında maskalanaraq həyata keçirir. Məhz iki gün əvvəl Bakıda təşkil olunan iclas da bunun bariz nümunəsidir. Azərbaycanın inkişafından, uğurlarından narahat olan ABŞ və onunla eyni mövqedə olan digər ölkələr bölgədə gərginliyin bitməməsi üçün əlindən gələni edirlər. ABŞ bu məqsədini həyata keçirmək üçün milyonlarla pul ayırır. O bəzi ölkələri aşkar şəkildə məhv edir, bəzilərini isə zəiflətmək üçün həmin ölkə daxildəki müxalif qüvvələrdən istifadə edir. Bir çoxunun zəif damarı olan pul bu siyasətin həyata keçirilməsində mühüm rol oynayır. Belə ki, ABŞ külli miqdarda vəsait ayıraraq ələ aldığı şəxslərlə öz tezislərini yeridib, demokratiya, insan haqları adı altında gizli məqsədini reallaşdırmağa çalışır.

ABŞ həm Ermənistanı, həm də Azərbaycandakı müxalif qüvvələri yuxarıda sadalanan məqsədləri üçün qurban seçiblər. Ermənilər bütün hallarda xislətlərindən dönən deyil, amma, sapı özümüzdən olan baltaların ABŞ-nin oyunlarına alət olması təəssüf doğurur.

Sadiq QARAXAN
Milli.Az