“Quska” müalicə müəssisəsinə köçürüldü - Əksər vəsatətlər təmin edildi

15 Avqust 2024 13:19

Altıillik həbsdən sonra yenidən cinayət məsuliyyətinə cəlb edilən keçmiş deputat Hüseyn Abdullayevin məhkəməsi başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.

Abdullayev bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. "Quska"nı məhkəmədə 4 tanınmış vəkil - Ceyhun Yusifov, Cavad Cavadov, Şəhla Hümbətova və Günay İsmayılova müdafiə edirlər.

İclasda vəkillər bir sıra vəsatətlərlə çıxış ediblər. 

Bir neçə gün əvvəl xəbər verdiyimiz kimi, H.Abdullayevin saxlanıldığı istintaq təcridxanasında vəziyyəti pisləşib. Bu səbəbdən vəkillər müttəhimin mülki xəstəxanaya köçürülməsini, əks halda isə onun Bakı İstintaq Təcridxanasında müalicəsinə icazə verilməsini istəyiblər.

"Sağlamlıq haqda qanunun tələbləri var. Bu şəxsin müalicəyə ehtiyacı var. O gün təcridxanada yanına getmişdim, görüşə əlil arabasında gətirdilər. Mən özüm şəxsən bir neçə dəfə Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəhbərinin qəbulunda olmuşam. Xahiş edirəm, şəxs müalicə edilsin, sonra da mühakimə davam etdirilsin", - vəkil C. Yusifov vəsatətə əlavə edib. 

"Quska" özü də səhhətindəki problemlərdən gileylənib: "Son 25 gündür mənim vəziyyətim çox pisdir. Mən zəhərlənmişəm, yaxşı deyiləm. Bir həb atdım, ondan sonra belə oldum. İttihamda-zadda nə yazır, bilmirəm".

Təqsirləndirilən şəxsin anası Zeynəb Abdullayeva da prosesdə iştirak edib. O, qısa çıxış edib, oğlunun xəstəliyi haqda danışıb. Sədrlik edən hakim Azər Tağıyev onu əmin edib ki, bütün vəsatətlər tək-tək araşdırılacaq. 

Bundan sonra təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması xahiş edilib. Vəkil Şəhla Hümbətova qanunvericiliyə istinad edərək, müvəkkilinin ev dustaqlığına buraxılmasına maneə olan hər hansı hal mövcud olmadığını bəyan edib. 

Vəkil Ceyhun Yusifov isə müvəkkilinin hazırkı sağlamlıq vəziyyətinə diqqət çəkərək məhkəmə istintaqının videoformatda keçirilməsini xahiş edib.

Sonuncu vəsatətlər təqsirləndirilən şəxsin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərinin yanında əyləşməsi və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi ilə bağlı olub. Bunlardan birincisi dərhal təmin edilib. 

Məhkəmə tərkibi müşavirədən qayıtdıqdan sonra vəsatətlərin əksəriyyətini təmin edib.

Qərara əsasən, Hüseyn Abdullayev müalicə müəssisəsinə köçürüləcək. Bundan başqa, məhkəmə istintaqı videokonfransla keçiriləcək. Hakim şərt qoyub ki, şəxsin müalicəsi barədə məhkəmə mütəmadi məlumatlandırılmalıdır. Həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət təmin edilməsə də, cinayət işinə xitam verilməsi barədə vəsatət hələlik baxılmamış saxlanılıb.

Baxış iclası avqustun 22-nə təyin edilib.

Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun