Bu, Vaşinqtonun bölgədə təsir gücünü artırmaq cəhdlərinin göstəricisidir - Azər Qarayev

14 Avqust 2024 15:26

ABŞ-nin Cənubi Qafqazda artan hərbi fəaliyyəti, bu regiona siyasi təsir imkanlarını genişləndirmək məqsədi daşıyır.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

Politoloq qeyd edib ki, son dövrlərdə ABŞ-nin Ermənistanla birgə keçirdiyi hərbi təlimlər və bu ölkəyə verdiyi hərbi dəstək, Vaşinqtonun bölgədə təsir gücünü artırmaq cəhdlərinin bir göstəricisidir.

"Bu cəhdlər, xüsusilə İran və Rusiya kimi regional güclərin maraqlarına qarşı yönəlib.

ABŞ-nin İranla münasibətləri uzun illərdir ki, gərgin olaraq qalır və Vaşinqton Tehran rejiminə qarşı müxtəlif təzyiq mexanizmlərindən istifadə edir. Cənubi Qafqazda hərbi mövcudluq, ABŞ-nin İrana qarşı sanksiyalarını və digər təzyiq tədbirlərini gücləndirmək məqsədi güdür. Eyni zamanda, ABŞ, Ermənistanı dəstəkləməklə Azərbaycana qarşı yeni təzyiq vasitələri yaratmağa çalışır. ABŞ-ın bu siyasəti, Azərbaycanın bölgədə artan strateji roluna qarşı bir cavab olaraq görülür", - o deyib.

Onun sözlərinə görə, ABŞ-nin Ermənistan vasitəsilə regiona daxil olma cəhdləri, Rusiya tərəfindən ciddi reaksiya doğura bilər:

"Rusiya, Ermənistanın ənənəvi müttəfiqi olaraq, bu bölgədəki hərbi mövcudluğunu qorumağa çalışır. Ukrayna ilə müharibə ilə məşğul olan Rusiya, digər bölgələrdə təsir gücünü itirmək istəməz. Ermənistanın isə bu siyasətlər nəticəsində bir dalana sıxışması ehtimalı yüksəkdir. ABŞ və Qərb qüvvələrinin Ermənistanı öz maraqları üçün istifadə etməsi, Ermənistanın gələcəyinə ciddi zərər vuracaq"

A.Qarayev onu da əlavə edib ki, son dövrlərdə Ermənistanın artan silahlanması və xarici dəstək, bu ölkəni növbəti revanşist addımlara sövq edə bilər.

"Bu isə regionda gərginliyin artmasına və yeni münaqişələrin yaranmasına səbəb ola bilər. Ermənistanın yürütdüyü siyasət nəticəsində özünü iqtisadi və siyasi cəhətdən bir dalana saldığı açıq-aydın görünür. Bu vəziyyətdən çıxış yolu isə yalnız kommunikasiya əlaqələrinin yaradılması və Azərbaycanın şərtləri daxilində sülhün təmin olunmasından keçir.

Nəticədə, Cənubi Qafqazda ABŞ-ın hərbi cəhətdən mövcudluğunu artırmaq cəhdləri, regionda balansın dəyişməsinə və yeni münaqişələrin yaranmasına səbəb ola bilər. Regionun əsas güc sahibləri olan Azərbaycan və Türkiyənin bu proseslərdə rolu isə çox mühüm əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması və bu bölgədəki digər strateji layihələrin həyata keçirilməsi, məhz bu iki ölkənin liderliyi ilə mümkündür", - politoloq vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun