"Qarabağ" bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda səfərdə Bolqarıstan "Lüdoqets"i ilə qarşılaşacaq.
Milli.Az İdman.Biz-ə istinadən Rusiyanın soccer365.ru saytının oyuna baxışını təqdim edir.
"İlk görüşdə "Lüdoqorets" fevraldan heç kimin bacarmadığını - "Qarabağ"ı doğma meydanda məğlub etdi. Bu qələbə Georgi Dermendjiyevin komandasına bütün gücünü hücuma sərf etmədən öz meydanında hesaba görə oynamağa imkan verir. Bolqarıstan çempionatının son turunun "Botev"lə oyunu təxirə salınıb, "Lüdoqorets" "Qarabağ"la cavab oyununa hazırlaşmaq üçün kifayət qədər vaxt tapıb".
Qeyd olunur ki, Georgi Dermendjiyev hücumda ilk oyunda zədələnən Bernard Tekpeteydən və öz qolundan cəmi bir neçə dəqiqə sonra ikinci sarı alan Kayo Vidaldan istifadə edə bilməyəcək: "Bu, hücum xəttində seçimi azaldır, amma əsas odur ki, "Lüdoqorets"in müdafiəçilərlə problemi yoxdur".
Bolqarların ev oyunlarının statistikası təqdim edilir: "Lüdoqorets" bu mövsüm evdə keçirdiyi bütün matçlarda (dörd oyunda) qalib gəlib, 12 qol vurub, ikisini buraxıb. Ümumilikdə komanda "Hoverfarm Arena"da ardıcıl 10 matçdır uduzmur - 9 qələbə və 1 heç-heçə. Yeddi görüşdə qapılarını toxunulmaz saxlaya bilən "yaşıl-ağlar" hər görüşə orta hesabla 3,2 qol vurub.
Bildirilib ki, "Qarabağ"a gəlincə, "Lüdoqorets"lə oyunda 1:2 hesablı məğlubiyyət komandanın döyüşkən ruhuna təsir etməyib: "Ötən həftəsonu Premyer Liqa matçında "Qarabağ" "Kəpəz"ə inamla qalib gəlib və liderlik mövqeyini təmin edib. Razqradda Azərbaycan çempionu qol vurmalıdır ki, heç olmasa oyunu əlavə vaxta və penaltilər seriyasına daşısın. Qurban Qurbanovun komandası qol vurmağı yaxşı bilir: bu mövsüm "köhlən atlar" hər matçda qol vurub, cəmi 5 görüşdə bu say 15-dir. Juninyo əla formadadır - ilk oyunda "Lüdoqorets"in qapısına yeganə qolu məhz braziliyalı vurmuşdu. O, "Kəpəz"lə oyunda əvəzedici kimi meydana çıxanda da fərqləndi - ona görə də bu mövsüm onun artıq 6 qolu var".
soccer365.ru "Lüdoqorets"in müdafiədə etibarlı oyununu xüsusi vurğulayıb: "Bolqarıstan klubunun bütün komanda ilə müdafiə olunduğunu və "köhlən atlar"a demək olar ki, heç nəyə imkan vermədiyini ilk oyunda gördük. Bu müdafiəni yarmaq üçün Qurban Qurbanova hücum gücü lazım olacaq. Georgi Dermendjiyevin nəticəni qorumasına indi praktiki olaraq iki hücumçu itkisini heç kəslə əvəzləyə bilməməsi mane ola bilər. Lakin buna ehtiyac "Qarabağ" meydan sahiblərinin müdafiəsini yararaq qol vura bilsə yaranacaq. Ancaq fərqlənmək zərurəti "köhlən atları" irəli atılmağa məcbur edəcək ki, bu da müdafiədə səhvlərə yol aça bilər".
Saytın oyuna proqnozu: 1:1.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun