Bakıda doğulan Avakyanla bağlı sürpriz plan: Rusiya açıqladı

13 Avqust 2024 19:15

Ağ Ev Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovu (Avakyan) Prezident Vladimir Zelenskinin yerinə uyğun namizəd hesab edir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"Hazırda uyğun namizəd kimi Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov qiymətləndirilir", - açıqlamada deyilir.

Rusiya kəşfiyyatına görə, amerikalılar erməni əsilli sabiq nazirin "güclü tərəflər"i kimi Ukraynanın millətçi dairələri ilə sıx və Avropa ölkələrinin başçıları ilə davamlı əlaqələrini hesab edirlər.

Məlumatda o da vurğulanır ki, Vaşinqtonun hesab etdiyi kimi, bu, Qərbə Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə mümkün danışıqların başlanmasına daha yaxşı hazırlaşmağa imkan verəcək.

Arsen Avakov 1964-cü il yanvarın 2-də Bakı şəhərində doğulub, 1966-cı ildə ailəsi ilə birgə daimi olaraq Ukraynaya köçüb. 2014-2021-ci illərdə Ukraynanın daxili işlər naziri vəzifəsində işləyib.

Avakyan 44 günlük Vətən Müharibəsində separatçılar və Ermənistana dəstəyi ilə diqqət çəkmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun