Prezident İlham Əliyev: "Azərbaycana işləmək üçün gələnlər qanunlarımıza, milli dəyərlərimizə, ənənələrimizə hörmətlə yanaşmalıdırlar" - YENİLƏNİB - FOTO
26 May 2010 09:24
26 may, 9:24
Xəbər verdiyimiz kimi, mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Miqrasiya
Xidmətinin yeni inzibatı binasının açılış mərasimində iştirak edib.
Bina ilə tanışlıqdan sonra Prezident İlham ƏLİYEV Dövlət Miqrasiya Xidmətinin kollektivi ilə görüşüb və onları təbrik edərək deyib:
-
Bu gözəl binanın açılışı münasibətilə sizi təbrik edirəm. Bu binada
işləmək üçün bütün şərait vardır. Ən müasir standartlar tətbiq olunub.
Bina həm gözəlliyi ilə seçilir, həm də ki, daxili tərtibatı yaxşı
səviyyədədir. Yəni, iş şəraiti ən yüksək standartlara cavab verir. Əsas
odur ki, burada bütün işlər də yüksək standartlara cavab versin.
Azərbaycan Miqrasiya Xidmətinin böyük funksiyaları vardır. Miqrasiya
Xidmətinin yaranması çox vaxtında atılmış addım idi və bu illər ərzində
Xidmət formalaşdı, gücləndi. Bu gün Azərbaycanın iqtisadi maraqlarının
qorunması üçün Miqrasiya Xidmətinin çox mühüm rolu vardır.
Əminəm
ki, bundan sonra da Miqrasiya Xidmətinin işi yüksək səviyyədə
olacaqdır. Bu, əlbəttə ki, sizdən - işçilərdən asılıdır. Elə etməliyik
ki, ən qabaqcıl təcrübə burada tətbiq olunsun. Burada indi gördüklərim
məni çox sevindirir. Görürəm ki, çox böyük işlər görülübdür, bu
məsələlərə düşünülmüş şəkildə yanaşılıbdır. Elə etməliyik ki, xidmət öz
imkanlarını maksimum dərəcədə işə sala bilsin.
O ki qaldı, sizin
vəzifələrinizə, siz bu vəzifələri yaxşı bilirsiniz. İndi Azərbaycan
xarici vətəndaşlar üçün çox cəlbedici ölkədir. Xaricdən işləmək,
yaşamaq üçün gələnlərin sayı artıb. Bu da çox sevindirici haldır. Bu,
bizim iqtisadi uğurlarımızın nəticəsidir. Hamımız yaxşı bilirik ki,
Azərbaycan xalqı çox qonaqpərvər xalqdır. Biz həmişə qonaqlara çox
şadıq. Ancaq sizin funksiyanız, əlbəttə, ondan ibarət olacaqdır ki,
xaricdən gələn vətəndaşlara həm xidmət göstərəcək, həm də onların
Azərbaycanda qalmasının təmin edilməsi üçün bütün lazımi qanuni
tədbirləri görəcəksiniz.
Qanunsuz miqrasiya dünyanın müxtəlif
ölkələrində, xüsusilə inkişaf etmiş ölkələrdə də mövcuddur. Qanunsuz
miqrasiya əlbəttə ki, o qədər də xoşa gələn hal deyildir və biz buna
qarşı ciddi mübarizə aparmalıyıq. Amma müxtəlif yollarla Azərbaycana
gəlmək istəyənlərin sayının artması özlüyündə Azərbaycanın nə qədər
cəlbedici ölkə olduğunu göstərir.
Biz əlbəttə ki, qapılarımızı
bütün qonaqlara açırıq. Ancaq hər şey qanun çərçivəsində olmalıdır.
Qanunsuz miqrasiyaya qarşı çox ciddi mübarizə aparılmalıdır.
Azərbaycana işləmək üçün gələnlər qanunlarımıza, milli dəyərlərimizə,
ənənələrimizə hörmətlə yanaşmalıdırlar. Belə olan halda xarici
ölkələrin Azərbaycana gələn vətəndaşlarının da yaşayışı üçün bütün
şərait yaradılacaqdır.
İndi biz dünya iqtisadiyyatına inteqrasiya
edirik. Azərbaycana xaricdən gələnlərin sayı artır. Azərbaycan
vətəndaşları başqa ölkələrdə işləyirlər. Bu, normal proseslərdir. Əsas
odur ki, bütün bu işlər qanun çərçivəsində tənzimlənsin və iqtisadi
maraqlarımız tam şəkildə təmin olunsun. Azərbaycanda bütün
təhlükəsizlik tədbirləri maksimum dərəcədə təmin olunsun. Biz yaxşı
bilirik ki, daxildə ölkənin təhlükəsizliyinə səbəb ola biləcək heç bir
amil yoxdur. Ona görə biz ilk növbədə sərhədlərimizi
möhkəmləndirməliyik və bunu edirik. O cümlədən Miqrasiya Xidmətinin
xətti ilə görülən tədbirlər həm iqtisadi maraqlarımızı qoruyacaq, eyni
zamanda, insanlarımızın rahat, təhlükəsiz həyatını təmin edəcəkdir.
Mən
əminəm ki, siz bütün bu vəzifələri yaxşı dərk edirsiniz. Bir də demək
istəyirəm, Miqrasiya Xidmətinin qısa müddət ərzində fəaliyyəti onu
göstərir ki, qarşımıza qoyduğumuz məsələlər icra olunur. Bu onu
göstərir ki, Miqrasiya Xidmətinin yaradılması çox düzgün və vaxtında
atılmış addım idi. Biz bu qərara gələndə hələ o vaxt deyə bilərəm ki,
Azərbaycana gəlmək istəyən miqrantların sayı o qədər də çox deyildi.
Ancaq biz bilirdik ki, Azərbaycanın uğurlu inkişafı və bütün
proqramların icrası nəticəsində xaricdən işçi qüvvəsinin axını
güclənəcəkdir. Bu gün biz bunu görürük, ona görə bütün addımları
vaxtında atmışıq. Əsas odur ki, siz öz işinizlə bütün bu vəzifələri
icra edəsiniz və Azərbaycanın dövlət maraqlarının qorunması üçün bütün
lazımi tədbirləri görəsiniz.
Bir də demək istəyirəm ki, bunu etmək
üçün bütün imkanlar vardır, sizin üçün yaxşı şərait yaradılıb. Yaxşı,
müasir xidmət formalaşıb və siz bütün vəzifələri ləyaqətlə və sədaqətlə
icra etməlisiniz. Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik
edirəm. Sizə işinizdə uğurlar arzulayıram. Sağ olun.
--------------------------
25 may, 18:53
Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin yeni inzibatı binasının açılış mərasimində iştirak edib.
Xidmətin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Məlumat verilib ki, klassik üslubda bir il 5 aya inşa olunmuş yeddimərtəbəli binada Xidmət əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Hündürlüyü 29 metr olan binanın ümumi tikinti sahəsi 7.944 kvadratmetrdir. Ətrafda abadlıq və yaşıllıq işləri aparılmış, binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə, videomüşahidə sistemləri quraşdırılmışdır. Giriş elektron kart sistemi ilə həyata keçirilir.
Binada xidməti otaqlarla yanaşı, Heydər Əliyev muzeyi, kitabxana, vətəndaşların qəbulu və təhlükəsizlik şöbələri, müşavirə, akt və kollegiya zalları, təlim-tədris mərkəzi, yeməkxana və digər yardımçı otaqlar da yerləşir.
Prezident İlham Əliyevin Sərəncamına əsasən miqrasiya sahəsinə nəzarətin gücləndirilməsi məqsədilə binada Vahid Miqrasiya Məlumat Sistemi quraşdırılıb. Bu sistem vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə daxil olduqdan sonra harada və hansı işlə məşğul olması müşahidə edilir və ciddi nəzarətdə saxlanılır.
Nəzarətin gücləndirilməsi məqsədilə yeni inzibati binada Dövlət Miqrasiya Xidmətinin Yevlax, Şirvan, Lənkəran və Xaçmaz regional idarələrinin, həmçinin qanunsuz miqrantların saxlanma mərkəzlərinin birbaşa videomüşahidəsi də təmin edilib.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycan Respublikası vətəndaşlarının operativ məlumatlandırılması üçün 24 saat fəaliyyətdə olan "Qaynar xətt" xidməti təşkil edilib.
/AzərTAc/
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------