Gələcəyin təhlükəsizlik qoruyucusu: Robot-itlərin sınaqlarına başladı

14 Avqust 2024 07:35

Koreya ordusu robot iti sınaqdan keçirməyə başlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Koreya Respublikasının Müdafiə Satınalma Proqramları İdarəsi (DAPA) xəbər yayıb.

Bildirilir ki, qurum terrorla mübarizə əməliyyatları üçün nəzərdə tutulmuş unikal dördayaqlı robotun hazırlanmasını başa çatdırıb.

Ölkənin silahlı qüvvələri artıq hərbi texnologiyalar sahəsində əsl inqilab ola biləcək bu innovativ işləmənin sınaqlarına başlayıb.

"Hyundai Rotem" və "Rainbow Robotics" şirkətlərinin birgə səyləri ilə cəmi iki il ərzində yaradılan robot-it vacib xüsusiyyətlərə malikdir. O, saatda dörd kilometrdən çox sürətlə hərəkət edə və 20 santimetrdən hündür şaquli maneələri aşa bilir. Gündüz və gecə görüntüsü kameraları ilə təchiz edilmiş robot ən çətin şəraitdə müşahidə və kəşfiyyat üçün idealdır. Bundan başqa robot-it döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malikdir. Lazım gəldikdə onu məsafədən idarə olunan odlu silahla təchiz etmək olar ki, bu da onu potensial terrorçular üçün qorxunc rəqibə çevirir. Robot şəxsi heyət cəlb edilməzdən əvvəl binalarda təhlükələri aşkar edə və cinayətkarların hərəkətlərinə həm öldürücü, həm də qeyri-öldürücü silahdan istifadə etməklə operativ reaksiya verə bilir.

İnnovativ texnologiyanın sınaqları altı ay davam edəcək, bundan sonra hərbiçilər onun istifadəsi barədə yekun qərar qəbul edəcəklər. Ordu diviziyalarından biri də robotu hərbi qulluqçularla birlikdə axtarış və kəşfiyyat əməliyyatlarının aparılması eksperimentində istifadə edəcək.

Robot-itlər və ya kvadrupedlər kimi tanınan dördayaqlı robotlar bütün dünyada ordularda, polis və xilasetmə xidmətlərində fəal şəkildə tətbiq olunur. Bu sahədə lider ABŞ-nin "Boston Dynamics" şirkəti hesab olunur, onun əsasən Çində çoxlu rəqibləri var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun