"İgid əsgər, möhkəm dayan"-ın müəllifi: "Faiq Ağayevə müraciət etmişdim..."
26 İyun 2012 10:00
Hərbi həkim, hərbi-vətənpərvərlik mahnılarının musiqi, əksəriyyətinin həm də söz müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "İgid əsgər, möhkəm dayan" adlı şeirlər kitabının müəllifi Şahin Musaoğlunun Milli.Az-a müsahibəsi.
Dosye: Şahin Musaoğlu - hərbi həkim, 30-a yaxın hərbi-vətənpərvərlik mahnısının musiqi, əksəriyyətinin həm də söz müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "İgid əsgər, möhkəm dayan" adlı şeirlər kitabının müəllifi, ehtiyatda olan zabit. 1963-cü il iyulun 11-də Bakıda dünyaya gəlib. 1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universiteti - red.) müalicə-profilaktika fakültəsini bitirib. Təyinatla Biləsuvar rayonunda 4 il işləyəndən sonra Bakıya qayıdıb. 1991-92 və qismən 93-cü illərdə Müdafiə Nazirliyinin HET idarəsinin əməkdaşı olaraq cəbhə bölgələrində fəaliyyət göstərib. "İgid əsgər, möhkəm dayan" adlı ilk mahnısını 1992-93-cü illərdə yazıb. Bu mahnının mətni 10 ildən artıqdır ki, Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin 4-cü sinif üçün dərs vəsaiti olan "Ana sözü" kitabında, sözləri və musiqisinin müəllifi olduğu 12 əsəri isə Silahlı Qüvvələrin hərbi hissə və məktəblərində tədris edilir. Özünün qələmə aldığı nəzm parçalarından savayı, Şəhriyarın,("Azərbaycan"), Əhməd Cavadın ("Bismillah"), Bəxtiyar Vahabzadənin ("Yurdum"), Ramiz Rövşənin ("Yalquzaq"), Hidayətin ("Torpaq"), Rüstəm Behrudinin ("Salam, dar ağacı"), Nizami Saraclının ("Türkün bayrağına") sözlərinə bəstələdiyi mahnılar Azərbaycan Teleradiosunun "Qızıl" fondundadır.
Hazırda özəl tibb mərkəzlərinin birində poliklinika şöbəsinin müdiri vəzifəsində çalışır.
- On beş il əvvəl mərkəzi küçələrimizin birində əsgərlərimizin mənim ilk mahnımı oxuya-oxuya addımladıqlarının şahidi oldum. İnsanların ayaq saxlayıb həmin səhnəni maraqla seyr etmələri indi də yadımdadır. 70-75 yaşlarında nurani bir qocanın çöhrəsindəki fərəh, qürur və sevinc qarışıq o göz yaşlarını ömrüm boyu unutmayacam. Bu, mənim ölkəmə, dövlətimə və insanlara verdiyim ilk töhfəm idi...
Əslində, mən "İgid əsgər, möhkəm dayan" adlı ilk mahnımı ifa etmək üçün respublikanın xalq artisti Faiq Ağayevə müraciət etmişdim. Elə oldu ki, həmin ərəfədə o, Sankt-Peterburqa getməli oldu. Fikirləşdim ki, Faiq Ağayevin səsi dinləyicilərə tanışdır. Bəlkə, yeni səs olsun? Faiq Ağayev qayıdana qədər vaxtım var idi.
O dönəm Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra bu adı aldı) Yusif Mirzəyev mən işlədiyim xəstəxanada müalicə alırdı. Bu mahnının varlığından o da xəbərdar idi. Onunla hər görüşəndə bu mahnıdan söhbət açar və zümzümə edərdi. Sonralar Şəmistan Əlizamanlının ona tez-tez baş çəkməsi bu mahnı söhbətinin ilk ifaçısının kim olacağına öz təsirini göstərdi. Hərbi diktor kimi Şəmistan Əlizamanlı bu mahnını oxumağa ən yaxşı namizəd idi. Zümzümə eləyəndə gördüm ki, doğrudan da, fərqli effekt alınır. Çoxları mahnının bu ifada yaxşı alınacağına inanmırdılar.
- Eksperimentin uğuruna inananlar az olur.
- Elədir. Amma göründüyü kimi, əksinə oldu. Birinci dəfə "İgid əsgər, möhkəm dayan" Milli Qəhrəman Yusif Mirzəyevə həsr olunmuş verilişdə səsləndi. Sonra Şəmistanla həkimlərə həsr olunmuş "Ağ ümid", "Birinci batalyon", "Cənab leytenant" mahnılarını yazdırdıq.
- Sonuncu mahnınızı nə vaxt yazmısınız?
- Sonuncu hərbi-vətənpərvərlik mahnısını 10 il əvvəl yazmışam. 3 il əvvəl isə lirik bir mahnını bəstələmişəm. Gülağa Tənhanın sözlərinə bəstələdiyim "Daha ayrılmarıq" adlı bu mahnı lirik səpkidə ilk əsərimdir. Son illər hərbi-vətənpərvərlik mövzusuna müraciət etmirəm. Sifarişlər olur, hətta ən yüksək səviyyələrdə. Amma imtina etməli oluram. Hərbi vətənpərvərlik mövzusu ciddi mövzudur. İnsanların ruhuna, qeyrətinə, mənəviyyatına hesablanmış mövzudur. Bu mövzu Vətənə, Anaya münasibətdir... Coşqudur, ruhdur, qisasdır... Hər yeni mahnı yazmaq yeni nəfəs deməkdir... Hər yeni mahnı yeni səhifədir. Hər yeni mahnı - yeni səs, yeni söz deməkdir...
- Poeziya ilə, musiqi ilə bağlılığınızın əsas işinizdə köməyi olmamış olmaz. Hətta bilavasitə art-terapiyanı tətbiq eləməsəniz də...
- Bizim ailə həkim ailəsidir. Musiqi ilə, poeziya ilə məşğul olan, demək olar ki, olmayıb. Amma istənilən halda sənət adamının da, həkimin də obyekti insandır. İncəsənət növlərinin başqa sahələrlə əlaqəli inkişafı bütün dövrlərdə olub. Hətta antik estetika mənbələri göstərir ki, vaxtilə Pifaqorun musiqi, poeziya və rəqslərdən ibarət nəzəriyyəsi təbabətdə müalicə məqsədi ilə istifadə edilib. Amma müstəqil şəkildə musiqi terapiyası birinci dəfə Fransada, sonralar Rusiyada - Sankt-Peterburqda inkişaf edib. Bunun tarixi isə lap qədim, uzaq ölkələrə gedib çıxır. Məsələn, afrikalıların anlamında adamların bədənindən cini çıxarıb xəstəliyə qalib gəlmək üçün rəqslə, ritmik musiqi ilə müşayiət olunan müəyyən ayinlər icra olunurdu.
O vaxtlar təbabətlə məşğul olanları kahinlər, cadugərlər, dərviş və ruhanilər təmsil edirdilər. İnsanlara təsir etmək, onları ovsunlamaq, ağrı-acısını azaltmaq məqsədi ilə müxtəlif səslərdən ibarət musiqi, ritm, melodiya parçaları səsləndirməklə onların ruhuna, daxili aləminə nüfuz etməyə çalışırdılar. Bu isə o deməkdir ki, təbabətlə musiqinin əlaqəsi lap qədimdir, onlar, demək olar ki, bütün dövrlərdə paralel olublar. Musiqi incəsənətin elə bir növüdür ki, onu hətta heyvanlar da qəbul edir, qiymətləndirirlər. Ərəblərdə atlara və dəvələrə həsr olunmuş çoxlu süvari mahnıları var. Nənələrimizin sağım mahnıları (süd sağarkən oxunan mahnılar), çobanların tütəkdə çaldıqları melodiyalar bu gün də yaşayır...
- Öz mahnılarınıza qulaq asırsınız?
- Nadir hallarda. Qulaq asanda da hərdən inanmıram ki, bunları mən yazmışam.
- Maraqlıdır, hərbi həkim, şair, bəstəçinin musiqi zövqü necədir?
- Zövq belə şeydir ki, onu nə mübahisə, nə də müqayisə etmək olar. Müxtəlif janrda olan bütün yaxşı musiqi əsərlərini dinləməyi sevirəm. Öz musiqimizdən başqa, klassiklərdən Baxı, Bethoveni, Paqaninini dinləməyi çox xoşlayıram. Türk estradasına, rusların hərbi-vətənpərvərlik mahnılarına məmnuniyyətlə qulaq asıram. Bizdə bu ruh çox səngiyib. Hərbi-vətənpərvərlik mahnılarının auditoriyası o qədər də böyük deyil. Özü də maraqlıdır ki, belə mahnıların ünvanı gənclər olduğu halda bizdə bu mövzuya yeniyetmələrlə orta yaş nəslindən olanlar daha çox maraq göstərirlər. Halbuki, məsələn, Türkiyədə cəmiyyətin bütöv bir qismi vətənpərvərlik ruhu ilə yaşayır. Xüsusən də gənclər.
Amma yaxşı ki, az da olsa, gənclərimiz arasında bu mövzuya maraq müşahidə olunur. Bu yaxınlarda internetdə maraqlı görüntülər gördüm - tonqal başında istirahət edən gənclər gitaranın müşayiətində "Cənab leytenant" mahnısını oxuyurdular. Öyrəndim ki, onlar Parisdə təhsil alan bir qrup azərbaycanlı gənclərdir. Başqa bir görüntü Kanadadan yayınlanmışdı. Yusif adlı tələbə balamızın universitet şəhərciyində təşkil olunmuş konsertdə "Cənab leytenant" mahnısına müraciəti gənclərimizin bu mövzuya olan həvəsinin və marağının nümunəsidir.
Bu yaxınlarda "Eurovision" milli seçim mərhələsində iştirak edən Nadejda Mikayılova adlı gənc ifaçının da bu mahnı ilə çıxış etməsi məni çox sevindirdi. Artıq klip şəklində hazırladığı layihə sosial şəbəkələrdə böyük populyarlıq qazanıb. Saytınız vasitəsilə bu maraqlı və təbii ifaya görə onu təbrik edirəm. Ruhun, zövqün bu cür inkişaf etməsi üçün təkcə ailədəki tərbiyə kifayət etmir. Gərək cəmiyyət də öz rolunu oynasın. Əsas da telekanallar. Onlar belə mahnıları ilboyu yalnız müəyyən tarixi günlərdə, bayramlarda verməklə vəzifələrini bitmiş hesab etməməlidirlər. Biz bir dəqiqə də unutmamalıyıq ki, barış istəyən gərək savaşa hazır olsun. Eynşteyn deyib ki, "Mən yalnız sülhsevər deyil, bir sülh savaşçısıyam. İnsanlar savaşa savaş açmadıqları müddətdə heç bir şey savaşları ortadan qaldırmayacaq". Ərazi bütövlüyümüzün sülh yolu ilə bərpasına ümid bağlamaq o qədər də inandırıcı deyil. Ona görə missiyamız hələ başa çatmayıb. Mən isə bu missiyanı yerinə yetirmək üçün nə bacarıramsa, onu da edəcəm!
Samirə Behbudqızı
Milli.Az