Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

12 Avqust 2024 11:18

Bir müddət əvvəl Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla sərhəd kəndi olan və Kərki yaxınlığında yerləşdiyi bildirilən Paruyur Sevak kəndini tərk etdiklərinə dair məlumat yayıldı.

Milli.Az globalinfo.az-a istinadən bildirir ki, kəndin adını daşıdığı Paruyur Sevak imzası ilə tanınan erməni şair Paruyur Rafeyeli Qazaryanın illər öncə Azərbaycan əleyhinə "elmi" məqalə yazdığı ortaya çıxıb.

Məlumata görə, SSRİ dövründə, təxminən 1960-cı illərdə erməni elm və mədəniyyət xadimlərinin Azərbaycan şəhərlərini, mədəni irsini erməniləşdirməsi prosesində P.Sevak da aktiv rol oynayıb. O, hətta 1967-ci ildə Azərbaycanı "saxtakarlıqda" ittiham edən, Qarabağ, Gəncə kimi ərazilərin ermənilərə məxsus olması kimi əsassız məqalələr yazıb.

Erməni şairin həmin dövrdə Azərbaycana qarşı proseslərdə kifayət qədər fəal iştirak etdiyi bildirilir.

O, həmçinin Sovet sisteminə qarşı dair tənqidi çıxışları ilə tanınıb. 1971-ci ildə İrəvana qayıdarkən avtomobil qəzası nəticəsində ölüb. Lakin P.Sevakın KQB tərəfindən sui-qəsdlə aradan götürüldüyü iddia edilir.

Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycanla sərhəddə yerləşən Paruyur Sevak kəndinə Rusiya bazası yerləşdirilib. Lakin bir qədər əvvəl rusların sözügedən kəndi səssiz şəkildə tərk etdiyi ortaya çıxıb. Paruyur Sevakın Kərki kəndinə gedən yolda yerləşdiyi bildirilir. Hətta rusların ərazini tərk etməsi Ermənistan ictimaiyyətində Kərkinin Azərbaycana təhvili prosesinin başlaması kimi qiymətləndirilir.

Kəndin adını daşıdığı şəxsin fəaliyyəti Ermənistanda yenidən gündəmə gəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun