Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti genişləndirildi - FƏRMAN

9 Avqust 2024 20:31

Prezident İlham Əliyev "Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında" fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmana əsasən, Mərkəzin strukturu, əməyin ödənişi fondu, işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləği Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilir.

Dəyişikliyə əsasən, fərmana aşağıdakı bəndlər əlavə edilib:

sosial tədqiqatlar sahəsində elektron xidmətləri "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək,

Sosial tədqiqatlar sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək.

Digər dəyişikliyə görə, Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az