Azərbaycan və Orta Asiya: Regionu dəyişməyə qadir əməkdaşlıq

8 Avqust 2024 18:23

Qazaxıstanın paytaxtı Astana şəhəri avqustun 9-da Mərkəzi Asiya və Azərbaycanın dövlət başçılarını bir araya gətirən daha bir böyük tədbirə ev sahibliyi edəcək. Qeyd etmək lazımdır ki, Azərbaycan çoxdan belə mötəbər tədbirlərin ayrılmaz hissəsinə çevrilib və bu, təkcə coğrafi yaxınlıqla izah olunmur. Ölkə sözdə deyil, əməldə etibarlı tərəfdaşdır, sülhün və təhlükəsizliyin təmin edilməsinə, geniş regionda əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verən vacib regional və beynəlxalq aktordur ki, bu da Mərkəzi Asiyanın bütün ölkələrinin xeyrinədir. Təsadüfi deyil ki, son iki ildə Azərbaycan Prezidenti indiki səfər də daxil olmaqla, Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər edib. Ümumilikdə bu müddət ərzində Mərkəzi Asiya ölkələrinin rəhbərləri Azərbaycana 15 dəfə səfər ediblər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uzaqgörən və müdrik siyasət sayəsində bu gün Azərbaycan Mərkəzi Asiya ölkələrinin hər biri üçün dəyərli və əvəzolunmaz tərəfdaşdır. İqtisadiyyatın müxtəlif sahələrində strateji əhəmiyyət kəsb edən bütün layihələr Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əməkdaşlıq şəraitində həyata keçirilir və onlar təkcə region ölkələri üçün deyil, həm də Avropa ölkələrinə də sərfəlidir.

Bu baxımdan, enerji sektorunda uğurlu əməkdaşlıqdan başlamağa dəyər. Sözügedən səfərdən əvvəl dünən Mərkəzi Asiya dövlətlərinin energetika nazirlərinin Qazaxıstanda keçirilən birinci görüşü zamanı "yaşıl" enerjinin Mərkəzi Asiyadan Avropaya ixracı layihəsi üzrə birgə müəssisənin yaradılmasına dair Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında mühüm razılaşma əldə olunub. Bundan başqa, birgə müəssisə Bakıda yerləşəcək.

Hələ 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıblar. Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda "Black Sea Energy" dənizaltı elektrik kabelinin çəkilməsi gözlənilir. Kabel Azərbaycanda hasil edilən "yaşıl" elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq, oradan isə Macarıstan və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Bu, dörd gigavata qədər "yaşıl" enerjinin ötürülməsinə imkan verəcək.

Beləliklə, faktiki olaraq Azərbaycan üç regionu, yəni Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropanı birləşdirən bir növ strateji əhəmiyyətli enerji körpüsü yaradır.

Təbii ki, bu sahədə əməkdaşlıq təkcə alternativ enerji ilə yekunlaşmır. Ənənəvi enerji sahəsində Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq üzərində xüsusilə dyanmaq lazımdır. 2022-ci ildə "KazMunayQaz" SC və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Tengiz yatağından Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində illik 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalayıb.

Bundan əlavə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 11-12-də Azərbaycana səfəri zamanı "KazMunayQaz" və SOCAR arasında BTC ilə neft nəqlinin həcminin illik 2,2 milyon tona çatdırılması haqqında saziş imzalanıb.

Qazaxıstanın 2029-cu ilə qədər Milli İnkişaf Planına əsasən, ölkə Transxəzər marşrutu ilə neft nəqlini illik 20 milyon tona çatdırmağı planlaşdırır. Belə ki, sənədə əsasən, ortamüddətli perspektivdə Aktau limanının mövcud imkanları çərçivəsində (illik 7 milyon tona qədər) Transxəzər neft nəqlinin artırılması nəzərdə tutulur.

Transxəzər daşımalarının 20 milyon tona və daha artıq göstəriciyə çatdırılması üçün Eskene-Kurık neft kəmərinin, Xəzər dənizinin Qazaxıstan və Azərbaycan sahillərində dəniz terminallarının, habelə iri tutumlu xüsusi tanker donanmasının tikintisi layihələrinin həyata keçirilməsi nəzərdən keçiriləcək.

Bundan əlavə, Azərbaycan və Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın böyük perspektivləri var. Hələ bu ilin may ayında Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov SOCAR-ın Özbəkistanda neft və qaz hasilatı layihələrində iştirakı ilə bağlı danışıqların aparıldığını bildirmişdi. Eynilə, "Özbəkneftqaz"ın Azərbaycanda qaz hasilatı layihələrinə qoşulması məsələsi hazırda müzakirə olunur və yekun mərhələyə çatıb.

Əməkdaşlığın digər mühüm sahəsi nəqliyyat sektorudur.

Orta Dəhlizin artan rolu və dəyişən beynəlxalq nəqliyyat xəritəsi fonunda bu marşrutun imkanlarının genişləndirilməsi ilə bağlı fəal müzakirələr Azərbaycanın bu məsələdə Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqəsi hərzamankındən daha vacibdir. Orta Dəhliz Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında birgə layihələrə marağın bu regionun hüdudlarından çox kənara çıxmasının bariz nümunəsidir. Çin, Avropa və ABŞ da bu dəhlizin inkişafında xüsusilə maraqlıdır, çünki Orta Dəhliz Çindən Avropaya ticarət və nəqliyyat marşrutlarının şaxələndirilməsi üçün vacibdir.

Bu marşruta artan marağı statistik məlumatlarda da asanlıqla izləmək mümkündür. 2024-cü ilin ilk yarımilliyində Orta Dəhliz üzrə yükdaşımaların həcmi 2,1 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 65% çoxdur.

2023-cü ildə TMTM ilə yükdaşımaları 2022-ci il ilə müqayisədə 86% artaraq, 2,7 milyon ton təşkil edib. 2024-cü il üçün plan 4,2 milyon tondur.

Orta Dəhlizin inkişafı təkcə yolların, limanların və ya dəmir yollarının tikintisi deyil, həm də yüklərin və insanların sərhədlərdən daha rahat hərəkətini təmin etmək üçün "sərt" infrastrukturun "yumşaq" infrastrukturla vəhdətindən ibarətdir.

Şübhəsiz ki, yaxın gələcəkdə Orta Dəhliz sürətləndirilmiş inkişafın yeni dövrünə daxil olacaq və Avrasiyada yeni əsas ticarət marşrutuna və qlobal təchizat zəncirinin mühüm hissəsinə çevriləcək. Bu nəqliyyat marşrutunda getdikcə daha çox ölkə iştirak edəcək və yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artacaq.

Orta Dəhlizin mühüm tərkib hissəsi Bakı-Tbilisi-Qars dəmir yoludur. Mayın 20-də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində təmir-genişləndirmə və yenidənqurma işləri yekunlaşıb, yükdaşımalara başlanılıb. Bu dəmir yolu təkcə üç ölkədən keçmir, həm də bu nəqliyyat növü üçün Asiya ilə Avropa arasında ən qısa marşrutdur ki, vaxta qənaət etməyə kömək edir. O, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Əfqanıstan kimi ölkələr üçün Avropa və qlobal bazarlara çıxışı təmin edir. Bu isə Azərbaycana iqtisadi və strateji dividendlər gətirir.

Bundan başqa, Azərbaycan Bakı limanının keçid qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq üçün böyük səylər göstərir ki, bu da Orta Dəhlizin ümumi genişlənməsinə töhfə verəcək.

Bu marşrutun inkişafının vacibliyini nəzərə alaraq, Mərkəzi Asiya ölkələri də bu istiqamətdə fəal işləyirlər. O cümlədən, Qazaxıstan Orta Dəhlizin inkişafı üçün Aktau və Kurık limanları əsasında böyük dəniz nəqliyyatı və logistika klasteri yaradacaq. Bu, konteyner tutumunu artıracaq, yükdaşınma terminallarını və beynəlxalq nəqliyyat logistikasını inkişaf etdirəcək və inzibati maneələri azaldacaq.

Bu işlərin bir hissəsi kimi elə bu günlərdə Qazaxıstan Kurık limanında dibdərinləşdirmə işlərinə başlayıb.

Bundan başqa, Qırğızıstan da Orta Dəhlizdən istifadə imkanlarını nəzərdən keçirir. Xarici işlər naziri Jeenbek Kulubayevin əvvəllər dediyi kimi, hazırda bütün yük axını cənub dəhlizindən keçir: yüklər İrana, oradan Türkiyəyə, oradan da Avropaya və eyni marşrutla geri göndərilir.

"Lakin nəqliyyatı sürətləndirə biləcək alternativ yollar nəzərdən keçirilir. Onlardan biri Qazaxıstan, Türkmənistan, Azərbaycan və Qafqazdan keçən Orta Dəhlizdir", - nazir qeyd edib.

Azərbaycan və Mərkəzi Asiya ölkələrinin iştirakı ilə həyata keçirilən mühüm layihələrdən biri də Azərbaycandan keçməklə Xəzər dənizi vasitəsilə Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutunun yaradılmasını nəzərdə tutan "Rəqəmsal İpək Yolu"dur. Layihədə Azərbaycanın yaradılmış telekommunikasiya dəhlizində mərkəzi mövqeyə malik olması, Azərbaycanın Google, Amazon, Alibaba, Netflix, Facebook kimi iri kontent operatorlarından məzmunun ötürülməsi üçün tranzit ölkə olması, eləcə də, Bakının İnternet Mübadilə Mərkəzinə çevrilməsindən sonra Azərbaycanın haba çevriləcəyi vurğulanır. Bu məzmun, eləcə də, internet Mərkəzi və Cənubi Asiya regionu ölkələrinə, həmçinin, də digər qonşu ölkələrə məhz buradan ötürüləcək. Rəqəmsal İpək Yolu layihəsi, həmçinin, Türk Dövlətləri Təşkilatının da diqqət mərkəzindədir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə çoxşaxəli strateji əməkdaşlığı mədəniyyət sahəsində əlaqələrin inkişafına müsbət təsir göstərir. Özbəkistanın hədiyyə etdiyi Mirzə Uluqbek adına məktəbin, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazi adına yaradıcılıq mərkəzinin, Ağdamda Qırğızıstanın dəstəyi ilə tikilmiş orta məktəbin açılışı bu sahədə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında yüksək səviyyəli münasibətlərin əyani sübutudur. Bu əhəmiyyətli layihələr mədəniyyət və təhsil sahələrində əlaqələri gücləndirməklə yanaşı, həm də dövlətlər arasında uzunmüddətli əməkdaşlığın əsasında duran qarşılıqlı hörmət və dəstəyi nümayiş etdirir.

Hərbi sahədə əməkdaşlıq xüsusi diqqətə layiqdir. Bu baxımdan "Birləşdik-2024" beynəlxalq hərbi təlimləri bariz nümunədir. Təlimlər 2024-cü ilin iyulunda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın müdafiə nazirlikləri arasında imzalanmış birgə plana uyğun olaraq həyata keçirilib.

Bu əməkdaşlıq regionun təhlükəsizliyini möhkəmləndirir və Azərbaycanla Mərkəzi Asiya ölkələrinin hərbçiləri arasında qarşılıqlı anlaşmaya kömək edir. "Birləşdik-2024" kimi birgə hərbi təlimlər uzunmüddətli sabitlik və tərəfdaşlıq yolunda mühüm addım rolunu oynayır.

Beləliklə, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəm təməli var və bu ölkələr arasında gələcək qarşılıqlı fəaliyyət bu əlaqələri daha böyük regionun rifahı naminə gücləndirəcək.

Azərbaycanın növbəti belə mötəbər tədbirdə iştirakı Azərbaycan və region ölkələrinin xalqları arasında çoxəsrlik qardaşlıq və dostluq əlaqələrinin, dərin tarixi əlaqələrin və əməkdaşlığın hazırkı yüksək səviyyəsinin daha bir təsdiqidir.

Son illər intensivləşən dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinə və dərinləşməsinə zəmin yaradıb.

Dövlət başçıları arasında dostluq münasibətləri ölkələr arasında münasibətlərə mühüm töhfə verməklə yanaşı, ikitərəfli əməkdaşlığın inkişafına və möhkəmlənməsinə, münasibətlərin real strateji əməkdaşlıq səviyyəsinə yüksəldilməsinə xidmət edir.

TREND