Rəqibini civə ilə zəhərləyən şahmatçı qadın... - FOTOlar

8 Avqust 2024 11:44

Dağıstanda şahmatçı Əminə Abakarova respublika çempionatında rəqibi Umayqanat Osmanovanı taxtasına civə tökərək məğlub etməyə çalışıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, 40 yaşlı Abakarova şahmat məktəbində məşqçi işləyir və Mahaçqala liseyində dərs deyir. Onun rəqibi şahmat məktəbinin sahibi Umayqanat Osmanova olub.

Nəşrin yazdığına görə, Abakarova rəqibinin şahmat masasını əvvəlcədən civə ilə bulayıb və bu, sonuncunun başını gicəlləndirib. Osmanova yarışın başlamasından bir neçə dəqiqə sonra xəstəxanaya yerləşdirilib, qalan iştirakçılar təxliyə edilib.

"Mash" nəşri Abakarovanın turnirin başlamasına 20 dəqiqə qalmış rəqibinin masasına necə yaxınlaşdığını və üzərinə maye tökdüyünü göstərən bir video yayıb. Mütəxəssislər bunun civə olduğuna inanırlar. O da məlumdur ki, şübhəli şəxs təşkilatçılardan zalda kameraların işlək olub-olmadığını soruşub, onlar mənfi cavab veriblər, əslində isə çəkiliş aparıblar.

Ehtimal edilir ki, şübhəli şəxs bu addımı ona görə atıb ki, rəqibi onun əvvəlki turnirdəki oyununu gizli şəkildə qeydə alıb və guya taktikanı oğurlaya bilərdi. Abakarova hələ də saxlanılmayıb, cinayət işi açılmayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki qadının qohumları ilə əlaqə saxlayırlar.

Osmanova bildirib ki, Abakarovanı çoxdan tanıyır, çünki onlar daim birlikdə oynayırlar. Zərərçəkmiş rəqibinin hərəkətinin motivini bilmir və iddia edir ki, həmin gün hətta eyni masada oynamamalı idilər.

Zəhərlənən qurbanla masa arxasında başqa bir 17 yaşlı şahmatçı qız oturmalı imiş. Onun valideynləri prokurorluğa ərizə yazıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun