Paşinyan KTMT çuxurunda: çıxacaq, ya qalacaq?

6 Avqust 2024 10:27

Ermənistanın hakimiyyət dairələri yarıtmaz xarici siyasət və bivec daxili siyasət nəticəsində ölkəni sürəkli problemlər məngənəsinə salıblar. İrəvanın Moskva ilə münasibətləri zaman keçdikcə daha da gərginləşsə də, Ermənistan hələ də ticarət, maliyyə, iqtisadiyyat, enerjidaşıyıcıları təminatı və s. baxımından Rusiyadan asılıdır. Üstəlik, kağız üzərində olsa da, Rusiya ilə Ermənistan hələ də hərbi-strateji müttəfiqdirlər.

Ermənistan cəmiyyətində Qərbə doğru meyllənmə fasiləsiz güclənir və ermənilər bundan sonra da Rusiyadan asılı qalmaq istəmədiklərini deyirlər.

... Avqustun 14-də Rusiyanın Novosibirsk şəhərində MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xüsusi təyinatlı qüvvələrinin hərbi təlimləri keçiriləcək.

Rusiya Qvardiyasının təlim mərkəzində təşkil ediləcək "Kobalt-2024" təlimlərə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan hərbçiləri qatılacaqlar.

Ermənistan təlimlərdə iştirakdan imtina edib.

Bundan başqa, Ermənistan sentyabrın əvvəlində Qırğızıstanda keçiriləcək KTMT-nin "Qarşılıqlı fəaliyyət-2024" komanda qərargah təlimində iştirak etməyi planlaşdırmır.

... Ermənistanın baş naziri Nikol Paşinyan qorxsa da, çəkinsə də, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etmək istəyir. Bu onun seçimi yox, İrəvan qarşısında qoyulmuş tələbdir.

ABŞ, Fransa və Avropa İttifaqının ermənilərə təzyiqləri az qala günbəgün artır. Fasiləsiz pressinq altında olan rəsmi İrəvan artıq bəyan etdiyinin tam əksinə olaraq, "diversifikasiya olunmuş xarici siyasət kursu" yeridə bilmir və bunun əvəzində təlimatlarla göstərişlərə əsaslanan, kənardan idarə olunan diplomatiya ilə kifayətlənmək məcburiyyətindədir.

Ölkəni bütünlüklə Qərbin autsorsinqinə, yəni idarəçiliyinə vermiş Nikol Paşinyan artıq daxili siyasətdə də təlimatları yerinə yetirmək məcburiyyətindədir.

İrəvandakı Zvartnots hava limanından rusiyalı sərhədçilərin çıxarılması qərarı da İrəvanın son dövrlərdəki idarəolunan siyasətinin təzahürlərindən sadəcə, biridir.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhədçilərinin Zvartnots beynəlxalq hava limanında çalışmaları Ermənistanın hakimiyyət dairələri üçün ciddi problem kəsb edirdi. Məsələ heç də İrəvanla Moskva arasında sürəkli sərinləşən ikitərəfli münasibətlərdə deyildi. Rusiyalı sərhədçilər Ermənistan paytaxtına enən təyyarələrin sərnişinləri arasında əcnəbiləri yoxlayır, onların kimliyini və hansı ölkələrin vətəndaşları olmalarını legitim prosedurlar çərçivəsində müəyyənləşdirirdilər. Yəni İrəvana xaricdən kimlərin nə zaman gəldiyini, bu əcnəbilərin sayını Moskva dərhal bilirdi.

Təbii ki, Qərblə kommunikasiyaları sürətləndirən N.Paşinyan administrasiyası Moskvanın belə operativ məlumatlanmasını istəmirdi.

İndisə rusiyalı sərhədçilər hava limanından çıxarılıb və İrəvan artıq rahatlıqla kollektiv Qərbin emissarlarını qəbul edə bilər.

İkinci addım qismində İrəvandan KTMT sıralarında Ermənistanın yer almaması tələb olunur. Belə qərar Nikol Paşinyan üçün asan deyil və o, KTMT ilə bağlı radikal addım atacağı təqdirdə Rusiyanın dərhal, özü də çox sərt cavab verəcəyinin fərqindədir. Ermənistan hakimiyyətinin mənsublarının bütün pro-Qərb və anti-Rusiya bəyanatlarına rəğmən, ermənilər Moskvadan asılıdırlar. Asılılıq sadəcə, iqtisadi, maliyyə, sənaye, enerjidaşıyıcıları və s. sahələrdə yox, həm də geosiyasi müstəvidə olduğundan Nikol Paşinyan tələsmir. O, KTMT sıralarını dərhal yox, tədricən tərk etmək və Ermənistanı sözügedən struktur sıralarından mərhələlərlə uzaqlaşdırmaq taktikasını daha effektiv sayır.

Üçüncü addım Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ölkədən çıxarılmasıdır. Vaşinqton-Paris-Brüssel triosu N.Paşinyan iqtidarından ölkədə rusiyalı hərbçilərin sayının yaxın perspektivdə minimuma endirilməsini, orta və uzaq perspektivlərdə Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna ümumiyyətlə, son qoyulmasını tələb edirlər.

Gümrüdəki baza Rusiyanın Ermənistanda hərbi mövcudluq amili ilə yanaşı, ölkədəki daxili siyasi proseslərə effektiv təsir rıçaqlarından biridir. Moskva hesab edir ki, Ermənistanda Qərbin ssenarisi ilə anti-Rusiya strategiyasının yürüdülməsinin daha da sürətlənməsinin qarşısını almaq üçün 102-ci baza müəyyən rol oynaya bilər.

Ermənistanda vəziyyət sürətlə dəyişir. Erməni cəmiyyəti artıq Rusiyaya inanmadığını və etimad göstərmədiyini deyir, Nikol Paşinyanın hökuməti ölkənin Rusiyadan asılılığını azaltmağın effektiv yollarını arayır.

Rusiya prezidenti Vladimir Putinlə görüşlər zamanı Nikol Paşinyan sərt və tənqidi çıxışlardan yayınır, müttəfiqliyin və tərəfdaşlığın inkişafı barədə ibarəli danışmağa üstünlük verir. Rəsmi Moskva da eynən belə davranır. Rusiyalı diplomatlarla məmurlar daha asudə davranaraq Ermənistanla bağlı diplomatik qaydalar çərçivəsində də olsa, sərt danışırlar.

Onlar Qərb ölkələrini Ermənistanı Cənubi Qafqazda öz geosiyasi və geostrateji planlarına alət etməkdə suçlayır, İrəvana isə xəbərdarlıq edirlər: "Heç bir Qərb bizi əvəzləyə bilməz!"

Nikol Paşinyan isə "şimal xəbərdarlıqları"nı eyninə almayaraq yoluna davam edir. Ermənistan KTMT çərçivəsində fəaliyyətini dondurub, N.Paşinyan ölkənin bu təşkilatı tərk edəcəyini bildirib. Avropa İttifaqının Monitorinq Missiyası (EUMA) tərkibindəki onlarla avropalı və o cümlədən, kanadalı hərbçilərlə polislər Ermənistanla Azərbaycan arasındakı şərti dövlət sərhədindədir.

Qərb ermənilərə vədlərini əsirgəmir. Bu ilin martında Avropa Parlamenti Ermənistana Avropa İttifaqının üzvlüyünə namizəd ölkə statusunun verilməsi barədə qətnamə qəbul etdi. Daha sonra ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Brüsseldə N.Paşinyanla görüşərək ona siyasi və maliyyə dəstəyi vəd etdilər.

Daha sonra Avropa İttifaqı yaxın 4 ildə Ermənistana 270 milyon avro, ABŞ 65 milyon dollar yardım ediləcəyini vurğuladılar. Üstəlik, Vaşinqtonla Brüssel Ermənistanda yeni infrastruktur layihələrinin gerçəkləşməsində "genişmiqyaslı dəstək" verəcəklərini də dedilər.

İyun ayında isə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O-Brayen İrəvanda səfərdə olarkən iki ölkə arasındakı əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiləcəyini söylədi.

Qərbin vədlərini reallıq kimi qəbul etmək postsovet məkanında bir neçə dövləti ağır sonuclarla üzləşdirib. Ermənistan da həmin səhvləri təkrarlayarsa, fəlakətlə qarşılaşacaq.

İrəvandakı daxili siyasi situasiya da normallıqdan çox uzaq olaraq zəif hakimiyyət və zəif müxalifətdən ibarətdir.

Ermənistanda 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərinə hazırlıq prosesi də nasaz mexanizmin hərəkətlərini xatırladır. Ölkədəki ənənəvi müxalifətin bütün bəyanatlarına rəğmən, iqtidardakı "Vətəndaş Müqaviləsi" Partiyasının bu seçkilərdə də qalib gəlmək şansları az deyil. Doğrudur, Paşinyanın reytinqi cəmi 17 faiz təşkil edir və rəqəm çox azdır, amma az olsa da, ölkədəki istənilən siyasətçinin reytinqindən üstündür.

Moskva hazırda - ən azı aşkar şəkildə - Ermənistandakı siyasi proseslərə kobud müdaxilə etmir və bu, kollektiv Qərbin İrəvanla bağlı taktikasından fərqlidir.

Ermənistanda Rusiyaya meylli siyasətçilərin nüfuzu da sürəkli azalır. Məsələn, sabiq prezident Robert Köçəryanın "Ermənistan" alyansının ölkənin 107 yerlik parlamentində cəmi 29 mandatı var və rəqəm yeni parlament seçkilərində əhəmiyyətli dərəcədə azalacaq. Səbəb sadədir: Ermənistanda keçirilmiş son rəy sorğusunun nəticələrinə görə, respondentlərin cəmi 2 faizi Köçəryanı "etimad göstərilə biləcək siyasətçi" hesab ediblər.

Sorğu iştirakçılarının yarıdan çoxu isə ümumiyyətlə, heç bir siyasətçiyə inanmadıqlarını, heç bir partiyaya rəğbət bəsləmədiklərini deyiblər.

Bu isə növbəti seçkilərdə Nikol Paşinyana rəqib ola biləcək demaqoq və populist siyasətçinin şanslarını artırır.

Ermənistanın KTMT sıralarını tərk etmək ehtimalına gəldikdə, Paşinyan hakimiyyəti dilemma qarşısındadır. Bir tərəfdə Qərbin səngimək bilməyən təzyiqləri və tələbləri varsa, digər tərəfdə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Qərbin genişmiqyaslı sanksiyalarına məruz qalmış Rusiya ilə ticari-iqtisadi əlaqələrin çox böyük sürətlə inkişafı var.

Sanksiyalardan yayınmaq üçün bir sıra ölkələrlə yanaşı, Ermənistandan da tranzit məkan qismində istifadə edən Rusiyanın reallaşdırdığı əməliyyatlar nəticəsində Ermənistan iqtisadiyyatında "sürətli irəliləyiş" müşahidə olunur.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2021-ci illə müqayisədə bu il Ermənistanın ümumdaxili məhsulu (ÜDM) 13,9 milyard dollardan 27 milyard dollaradək artıb. Səbəb Rusiya ilə ticari dövriyyənin 7,3 milyard dollar qədər rekord səviyyəyə çatmasıdır. Üstəlik, Ermənistana edilən pul köçürmələrinin 80 faizi Rusiyadakı ermənilərin payına düşür.

Bundan başqa, Ermənistan iqtisadiyyatının və sənayesinin ən önəmli sektorlarına Rusiya şirkətləri nəzarət edir. Ümumiyyətlə, Ermənistanda 3500-dən artıq şirkət Rusiya qurumlarına məxsusdur.

Ermənistanın ixracatının əsasını təşkil edən faydalı qazıntılar, spirtli içkilər, meyvə-tərəvəz və ərzağın total əksəriyyəti Rusiyaya daşınır. Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olduğu üçün Ermənistan Rusiyadan mal və məhsulları gömrük rüsumları ödəmədən alır. Avropa İttifaqının standartları və sertifikatları erməni məhsulları üçün çox sərt olduğundan Aİ-nin yaxın illərdə Rusiyanı əvəzləməsi mümkün deyil.

Ən nəhayət, Ermənistan AİB üzvü olduğu üçün başqa dövlətlərlə, xüsusilə də Qərb ölkələri ilə ticari anlaşmalar imzalaya bilməz. Məhz bu səbəbdən Ermənistanla Aİ arasında bağlanmış "Genişmiqyaslı və əhatəli tərəfdaşlıq haqqında" sazişində ticari əməliyyatlarla bağlı bənd yoxdur.

Hazırda Ermənistan idxalında taxıl, un, günəbaxan yağı və taxıl məhsullarının 98 faizi, kənd təsərrüfatı məhsullarının 35 faizi, mal və quş ətinin 39 faizi, gübrələrin 53 faizi, çörək, makaron və şirniyyatın 54 faizi, təbii qazın 85 faizi, neft və neft məhsullarının 78 faizi, elektroenerjinin 70 faizi Rusiyanın payına düşür.

Sadalanan məqamları nəzərə alsaq, Ermənistan mövcud geosiyasi düzəndən və geostrateji arxitekturadan asanlıqla imtina edə bilməyəcək.

ABŞ, Fransa və Avropa İttifaqı Ermənistanın təhlükəsizliyini də təmin edə bilməyəcəklər.

Belədirsə, Nikol Paşinyanın "Ermənistan yaxın vaxtlarda KTMT sıralarını tərk edə bilər" məzmunlu açıqlamalarını sıralaması bəsit blef təsiri bağışlayır.

Blef bir dəfə işləyir: ikinci dəfə qarşı tərəf bu üsula əl atanı çox sərt cəzalandırır...

Elçin Alıoğlu
TREND