"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

3 Avqust 2024 10:53

Milli.Az Kulis.az-a istinadən Əməkdar artist İnarə Quliyeva bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.

İnarə Aleksnadrovna Quliyeva 1950-ci il yanvarın 4-də Moskvada anadan olub. 1972-ci ildə Rus teatral incəsənət akademiyasını (GİTİS) bitirib. 1994-cü ildən Rusiyanın əməkdar artistidir. Rusiyanın Xalq artisti, opera aktyoru Vitali Mişle ilə ailəlidir.

Ata tərəfdən azərbaycanlı olduğu üçün soyadı Quliyevadır. Atası Bakıda yaşayıb, zabit kimi fəaliyyət göstərib. Bakıda xeyli qohumları olsa da, babası ilə nənəsi boşandıqdan sonra aktrisanın azərbaycanlı qohumları ilə əlaqəsi kəsilib. Aktrisa müsahibələrinin birində bu haqda belə deyir: "Babamın 5 rəsmi nikahı olub və nənəm istəmirdi ki, biz onunla hər hansısa əlaqə saxlayaq. O vaxt bizim Xəzər Dənizçiliyi binasında evimiz də vardı".

İnarə Quliyeva rejissor Oktay Mirqasımovla çox yaxın dost olublar. Onların ailəvi dostluğu bu günə qədər də davam etməkdədir. Aktrisanı Azərbaycan kino məkanında tanınmasının səbəbkarı da Oqtay Mirqasımov olub. Rejissor onu Rəşid Behbudov haqqında ekranlaşdırdığı "1001-ci qastrol" filmində İradə roluna çəkilməyə dəvət edib.

Aktrisanın dayısı Aleksandr Tixonov da müğənni olub. Radio və televiziyada solist kimi fəaliyyət göstərib. Lakin, ikinci dünya müharibəsi zamanı bir ayağını itirdiyi üçün sonralar heç vaxt səhnəyə çıxa bilməyib.

"Qayınana" filmindəki Afət roluna çəkilmək üçün aktrisa Moskvadan Bakıya dəvət olunub. Bu rolun ifaçısı artistlik istedadından başqa əla xarici görünüşə, musiqi qabiliyyətinə, plastikliyə və ekssentrikliyə malik olmalı idi. Çünki bu obraz filmdə müzik-hollun solistidir. İnarə Quliyeva ilə yanaşı bu rol üçün Leninqrad və Moskvadan dörd gənc aktrisa da dəvət edilir. Sınaq çəkilişlərində İnarə Quliyeva qalib gələrək Afət roluna təsdiq olunur. Azərbaycanlı tamaşaçılar bu rola qədər onu "Alma almaya bənzər", "Dədə Qorqud", "Günlərin bir günü" filmlərindən də yaxşı tanıyırdılar.

"Qayınana" filmi haqqında suallara o, belə cavab verib: "Xatirəmdə ancaq xoş təəssüratlar qalıb. Gülməli hadisələr yadımda qalmayıb, amma demək istərdim ki, Nəsibə xanım hamıya qarşı həddindən artıq mülayim, gülərüz, diqqətcil və hörmətlə davranırdı".

Azərbaycanda 8 filmə çəkilən aktrisa bir müddət sonra tamamilə unudulur. Buna səbəb isə aktrisanın kədərli şəkildə Bakıdan üz döndərməsi olur. O, müsahibələrinin birində bu məsələyə belə aydınlıq gətirir: "Bakıda olarkən Mərkəzi Komitədə Kino bölümünün rəisi məni köhnə "Moskva" otelində otagına dəvət etmişdi ki, orada mənə ad vermələri üçün sənədlərə qol çəkim. Mən isə bu dəvəti rədd etdim və getmədim. Bu hadisədən sonra Bakıda mənim üçün rol tapılmadı, hamı məni unutdu və artıq 30 ildən çoxdur ki, Bakıda məni yada salan yoxdu. Mənim sevimli rejissorum, Oqtay Mirqasımovu həddindən çox istəyirəm, həmçinin onun həyat yoldaşı Nailə xanım bu hadisə barədə biləndən sonra təsirlənib ağlamışdılar. Mən öz şəhərimə və öz xalqıma daha lazım olmadım".

Rejissor Oqtay Mirqasımov aktrisa ilə dostluq münasibətlərinin bitməsinə belə aydınlıq gətirir: İnarənin atası xalis azərbaycanlı, anası isə rus idi. Onu ilk dəfə burda filmə mən çəkmişəm. Bizimlə çox yaxşı dostluğu olub. Çəkilişlərə gələndə bizdə qonaq olurdu. Həyat yoldaşım və qızım Ayanla da dost olublar. Amma sovet ittifaqının dağılması, sonradan baş verən hadisələr tək onunla yox, Rusiyadan olan bir çox adamlarla əlaqələrimin kəsilməsinə səbəb oldu. Düzdür baş verənlərdə sənət adamlarının günahı yox idi. Amma mən onların bir çoxunun telefon nömrələrini blaknotumdan sildim. İnarə ilə isə son dəfə 2014-cü ildə Moskvada rastlaşdıq. O bir tədbirə həyat yoldaşı ilə birgə gəlmişdi. Hər ikisi ilə görüşdüm, söhbət etdik. Lakin, aradan keçən zaman münasibətlərə xeyli təsir göstərmişdi.

İnarə Quliyeva sonuncu dəfə Bakıdan ayrılanda onun cəmi otuz yaşı olub. Nəsibə Zeynalova, Rəşid Behbudov, Rasim Balayevlə yaxşı münasibtləri olan aktrisa xalq artisti Şəfiqə Məmmədova ilə çox yaxın rəfiqə olublar.

Aktrisa Azərbaycan dilində yalnız üç söz bilib. Gəl bura, əyləş, mən səni sevirəm. Azərbaycan dilini bilmədiyi üçün çəkildiyi filmlərdə onun səsini həmişə dublyaj ediblər.

Sözün düzünü dediyinə və qürurlu olduğuna görə orta məktəbdə oxuduğu zaman sinif rəhbəri aktrisalığa olan həvəsini görüb ona deyir: "Sən heç vaxt aktrisa ola bilməyəcəksən, çünki heç kimin qarşısında sınmırsan".

Atası onun aktrisa olmasını istəməyib. O qızını dilçi görmək arzusunda olub. Bu səbəbdən aktrisanın atası heç vaxt qızının çəkildiyi film və tamaşalara baxmayıb.

70 yaşlı İnarə Quliyeva heç vaxt övlad sahibi olmayıb. O, hal-hazırda Moskva Musiqili Opera Teatrında rejissor və aktrisa kimi fəaliyyətini davam etdirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun