Avstriya şirkətləri Azərbaycanla maraqlanır

25 May 2010 17:24
Avstriyanın paytaxtı Vyana şəhərində bu ölkənin Federal Ticarət Palatasının və Cənubi Qafqaz ölkələrinin Avstriyadakı səfirliklərinin dəstəyi ilə "İqtisadi və sərmayə imkanları" mövzusunda tədbir keçirilib.

Bu barədə Milli.Az İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətinə istinadən xəbər verir.

Cənubi Qafqaz ölkələrinin Avstriyadakı səfirliklərinin əməkdaşlarının və iş adamlarının iştirak etdikləri tədbirdə Azərbaycanı İİN-nin nümayəndələri təmsil ediblər.

Tədbirdə çıxış edən Federal Ticarət Palatasının MDB ölkələri üzrə regional direktoru Heints Valter Avstriya şirkətlərinin Cənubi Qafqaz ölkələrinə marağının artdığını, iş adamlarının əsasən müxtəlif xidmət sahələri, kənd təsərrüfatı, alternativ enerji mənbələri, maşınqayırma və tikinti sahələrində fəaliyyət göstərmək istədiklərini bildirib.

İqtisadi İnkişaf Nazirliyinin təmsilçisi Zaur Qasımov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edərək, ölkəmizin iqtisadi inkişafı barədə geniş məlumat verib.

Tədbirdə Azərbaycan və Avstriya şirkətləri arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Milli.Az