Bakıda məşhur şirkətin məlumat bazasını rəqibə 60 minə satdılar

2 Avqust 2024 12:41

Bakıda qida, qeyri-qida və digər məhsulların satışı, idxalı və istehsalı ilə məşğul olan böyük şirkətlərdən birinin məlumat bazası rəqib şirkətə satılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət əvvəl həmin şirkətin İT şöbəsinin rəhbəri işləmiş 1998-ci il təvəllüdlü İbrahim S. və satınalmalar üzrə menecer işləmiş 1986-cı il təvəllüdlü Murad M. polisin keçirdiyi əməliyyat zamanı tutulub.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2, 202.1, 271.2.2 və 272,2.2-ci (Külli miqdarda dələduzluq, ixrac nəzarətinə aid sənəd və məlumatları yayma, kompüter sisteminə qanunsuz daxil olma və məlumatları ələ keçirmə) maddələri ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Məlum olub ki, İbrahim və Murad işlədikləri şirkətin "SQL" və "Logo Enterprise" proqramları vasitəsilə işlənilmiş məlumatlarına çıxış imkanına sahib olublar. Onlar əlbir olaraq bu məlumatları bazarda böyük pay sahibi olan rəqib şirkətə satmaq qərarına gəliblər və həmin şirkətdən müştəri tapıblar. Onlar 60 min manat qarşılığında işçilərinin sayı, istehsal edilən məhsulların adları və siyahısı, anbar qalığı, idxal-ixrac əməliyyatları, maliyyə hesabatları barədə məlumatları texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirərək yeni istifadəçi adından yaratdıqları səhifəyə əlavə ediblər. Beləliklə, kompüter sisteminə qanunsuz daxil olmaqla yaymaq və istifadə etmək məqsədilə oğurlayaraq qanunsuz əldə etdikləri kommersiya sirri olan məlumatları yayıblar.
 

Razılaşmaya əsasən, müştərini Murad tapıb və Mərdəkan-Buzovna yolunun kənarında yerləşən restoranlardan birində görüşüb. Buraya gələn rəqib şirkətin rəhbərinin yanında digər şəxs də olub və özünü rəhbər şəxs kimi təqdim edərək məlumatlara yerindəcə baxaraq həqiqiliyini yoxlamaq istədiyini deyib. Kompüter vasitəsilə məlumatların həqiqiliyi yoxlanıldıqdan sonra onlar Murada 60 min manat verərək gediblər. Murad da İbrahimə mesaj yazaraq pulu aldığını bildirib.

Lakin bir qədər sonra polisin keçirdiyi əməliyyatla hər iki şəxs tutulub.

Cinayət işi üzrə toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və iyulun 31-də hökm oxunub. Hökmə əsasən, hər iki şəxsə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza sınaq müddəti təyin edilməklə şərti hesab edilib. Həmçinin onların hər biri 5 min manat cərimə edilib və 2 il müddətində vəzifə tutmaq hüquqları məhdudlaşdırılıb. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Zərərçəkmiş şirkət keçmiş əməkdaşlarından artıq şikayətçi olmadığını və İT sisteminin təkmilləşdirdiyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun