Kanadanın Edmonton şəhərindəki avtobus dayanacağında çəkilmiş qorxunc görüntülər gündəm olub.
Məktəblilərin gəlməsindən bir neçə saat əvvəl lentə alnmış videokadrlar narkotik aludəçilərinin acınacaqlı vəziyyətini ortaya qoyub. Məşhur "The walking dead" serialını xatırladan kadrlar sosial şəbəkələrdə sürətlə yayılıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Klarevyu avtobus dayanacağında çəkilmiş 15 saniyəlik videoda 7 narkotik aludəçisinin özünü zombi kimi aparması əks olunub. Onlardan bəzisi yavaş-yavaş hərəkət edir, digərləri isə, demək olar ki, huşsuz vəziyyətdə irəli əyilərək yerlərində donub qalıb. Bir nəfər də yerdə oturub və əşyaları ətrafa səpələnib.
Mütəxəssislərin sözlərinə görə, bu vəziyyət metadon və "tranq" adlanan "Ksilazin" kimi maddələrin istifadəsi ilə bağlı ola bilər ki, bu da ağır keyimə və huşun itirilməsinə gətirib çıxarır.
Edmontonda yaşayan bir hadisə şahidi şəhərdə ciddi narkotik probleminin müşahidə olunduğunu və ictimai nəqliyyatın təhlükə saçdığını deyib. O, biznes mərkəzlərinə daxil olmaq üçün xüsusi təhlükəsizlik tədbirlərinin görüldüyünü qeyd edib.
Onun sözlərinə görə, Kanadanın müsbət imicinə baxmayaraq, bu görüntülər ölkənin də ciddi narkotik böhranı ilə üzləşdiyini göstərir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun