Uzaq Şimalda ürəyi Şərq dünyası üçün çırpınan böyük zəka
22 İyun 2012 14:39
1876-cı ildə Tiflisin Qori şəhərində Qafqaz xalqları uşaqlarının təhsil alması uçun seminariya açılmışdı. Burada xristian uşaqlar "padşah xərcinə" oxuyurdular. Lakin müsəlmanlardan da istəyən olsa idi, öz xərcinə uşaqlarını seminariyada oxuda bilərdilər. Dövrünün görkəmli ziyalıları - Şərq dilləri üzrə baş mütərcim Mirzə Fətəli Axundov və Tiflis müsəlman məktəbinin şəriət müəllimi Mirzə Hüseyn Qayıbzadə Qori seminariyasının nəzdində Azərbaycan bölməsi açmaq xahişi ilə Qafqaz canişini Mixail Romanovun qəbuluna gedirlər.
Nə qədər yalvar-yaxar etsələr də, canişin yola gəlmir, deyir ki, şöbə açsalar da, oxuyan olmayacaq. Çünki onlar azərbaycanlıları qaçaq-quldur, adamöldürən, tayfa davası salan, qisas alan, qatıq satan kimi tanıyırdılar. Bu vaxt Axundov həmin dövrdə Rusiyada və dünyada böyük zəka sahibi kimi tanınan azərbaycanlı alim və ziyalıların adlarını çəkməyə başlayır. Mirzə Cəfər Topçubaşovu, Həsən bəy Zərdabini, Abbasqulu ağa Bakıxanovu, Mirzə Kazım bəyi xatırladır.
Ş.Nəzirli "Qoridən gələn qatar" kitabında yazır: "Peterburq Universitetinin fəxri doktoru Mirzə Kazım bəy azərbaycanlıdır, bizim həmyerlimizdir" - deyəndə canişinin sifətində heyrətə bənzər təəccüb yarandı. Bundan ruhlanan Mirzə Fətəli həmyerlisi haqqında daha ətraflı danışmağa başladı. "Mirzə Kazım bəy təkcə Rusiya Elmlər Akademiyasının müxbir üzvü deyil, o həm də Londonda Böyük Britaniya və İrlandiya Kral Cəmiyyətinin üzvüdür. Kopenhagendə Şimali Antikvarilər Kral Cəmiyyətinin üzvü seçilmişdir. Üç dəfə Demidov mükafatını almışdır" Bu söhbətlər sonda seminariyanın nəzdində Azərbaycan şöbəsinin açılması ilə nəticələndi.
Rusiyanın, Böyük Britaniyanın, ABŞ-ın, Almaniyanın, Fransanın, Hollandiyanın elm cəmiyyətlərinin adlı-sanlı üzvü olmuş Mirzə Məhəmmədəli Kazım bəy Azərbaycan xalqının dünya elminə bəxş etdiyi böyük zəkalardan biridir. Onun siyasi, hüquqi, fəlsəfi və tarixi əsərləri Şərq və Qərb elm aləminin Qızıl Fonduna daxil edilmişdir. Dünya elmi onu Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatını tədqiq edən, islamın və müsəlman hüquq elminin böyük bilicisi kimi tanımışdır.
Kim idi Mirzə Kazım bəy? Atası Hacı Məhəmməd Qasım Kazım bəy qubalı Fətəli xanın hakimiyyətində maliyyə naziri olmuş, 1807-1820-ci illər arasında isə Dərbəndin şeyxülislamı kimi fəaliyyət göstərmişdi. Müqəddəs yerləri ziyarət zamanı Rəştin qubernatoru Mirbağır xanın qızını görüb bəyənmiş, onunla evlənmişdi. Haqqında danışdığımız böyük alim Mirzə Kazım bəy 1802-ci il iyunun 22-də Rəştdə dünyaya gəlmişdi. Atasının işi ilə bağlı Məhəmmədəli Kazım 9 yaşında ikən anası ilə Dərbəndə gəlir. Bu mühit onun dünyagörüşünün açılmasına, elm, təhsil, bilik əxz etməsinə böyük təsir edir. Ana dili ilə yanaşı, ərəb, fars, türk, rus dillərini də mükəmməl öyrənir. 17 yaşında ikən "Ərəb dilinin qrammatikası təcrübəsi" adlı ilk əsərini yazır. Atası Məhəmməd Kazım oğlu ilə bağlı böyük arzularla yaşasa da, böhtan və şərləmələr nəticəsində şeyxülislam vəzifəsindən kənarlaşdırılır və Həştərxana sürgün edilir.
Kazım bəy Dərbənddə yaşadığı illərdə atasının dostları olan şotlandiyalı xristian missionerlərlə tanış olmuş, onları islamın üstünlüklərindən faydalanmağa çağırmışdı. Özü isə xristianlığın mahiyyətini anlamağa çalışarkən yəhudi və ingilis dillərini öyrənmişdi. 1821-ci ildə sürgündəki atasına baş çəkmək üçün Həştərxana gedən gənc Məhəmmədəli Kazım burada da şotland missionerlərlə rastlaşır, onlara Şərq dillərini öyrətməklə yanaşı, özü də Avropa dillərini mükəmməl öyrənir.
Missionerlər öz əməllərinə sadiq qalaraq sonunda təcrübəsiz, lakin elm-irfan fanatı olan gənc Mirzə Kazımı yoldan çıxara bilirlər. O, xristianlığın bir qolu olan presviterianlığı (İngiltərə və Amerikada protestant məzhəbinin tərəfdarlarının dini) qəbul edir və Mirzə Aleksandr Kazım bəy adı ilə dünya elminə böyük töhfələr verir. Lakin o, xristianlığı qəbul etsə də, ömrü boyu nəinki bir dəfə də olsa xristian dininin təbliğinə xidmət edən işlər gördü, əksinə, təpədən dırnağadək şərqşünas idi, dünya elminə bu sahədə böyük incilər bəxş etmişdi. Azərbaycan dilinin qrammatikasını elmi şəkildə ilk dəfə o, əsaslandırmışdı. Buna baxmayaraq valideynləri və ətrafı gənc Məhəmmədəlidən üz döndərir, tutduğu yoldan çəkinməyə məcbur edirdilər. O, isə bu əqidəsindən dönmədi, ömrünü elmə bağladı. Qısa vaxt ərzində 6 Avropa dilində rahat danışıb, yazıb-yarada bildi.
1824-cü ildə Kazım bəyi İngiltərəyə dəvət etdilər. Lakin çar hökuməti bunun qarşısını aldı, düşündü ki, ingilislər onu öz məqsədləri üçün Rusiyaya qarşı istifadə edə bilərlər. Qafqazın baş komandanı Yermolov 1824-cü il oktyabrın 28-də Rusiyanın xarici işlər naziri Nesselroda məlumatında göstərirdi ki, Mirzə Kazım bəyin bundan sonra Həştərxanda qalması Rusiyanın ümumi siyasəti və təhlükəsizliyi üçün zərərlidir. Buna görə də onu İngiltərəyə getmək üçün hər hansı imkandan məhrum etmək və sürgünə göndərmək lazımdır. Çar generalının tələbi yerinə yetirilir, Mirzə Kazım bəy kadet korpusuna tatar dili müəllimi adı altında Sibirin Omsk vilayətinə sürgün edilir. Lakin 1826-cı ilin əvvəlində Omska gedərkən yolda xəstələnir və Kazanda dayanır. Kazan Universitetinin rektoru K.F.Fuks Mirzə Kazım bəyin şəhərdə olduğunu eşidir və əziz qonaq kimi evinə dəvət edir. Az vaxta Kazanın elm adamları azərbaycanlı ziyalının elminə, dünyagörüşünə, istedadına heyran olurlar. Odur ki, 1826-cı ilin oktyabr ayında Kazan alimlərinin xahişi ilə Mirzə Kazım bəy universitetin ərəb-fars dilləri üzrə baş müəllimi təyin olunur.
Rusiyanın qadağalarına baxmayaraq, Mirzə Kazım bəy 26 yaşında London Kral Asiya Cəmiyyətinin həqiqi üzvü seçilir, bundan 2 il sonra fars dilində ərəb filologiyasına dair əsərinə görə Şərq dilçiliyi magistri adına layiq görülür. Rus dilini mükəmməl öyrənməyə başlayan gənc alim universitetdə mühazirələrini rus dilində oxumağa başlayır. Bu vaxt Sədinin "Gülüstan" əsərini də rus dilinə çevirməyə başlayır və 1829-cu ilin axırlarında tərcüməni başa çatdırır. Kazan Universitetində çalışdığı dövrdə Mirzə Kazım bəy bir çox əsərlər yazmışdı. Onun ərsəyə gətirdiyi hər bir elmi əsər dünya şöhrəti qazanır, tezliklə dərs vəsaitlərinə çevrilir, dünyanın ən inkişaf etmiş elm ocaqları tərəfindən qiymətləndirilirdi. "Ərəb ədəbiyyatı haqqında mülahizələr" əsərini tamamladıqdan sonra Krım xanlarının tarixinə həsr etdiyi "Əssab əs-Səyyar, yaxud yeddi səyyarə" adlı əsərini də bitirir. "1660-cı ildə Krım tatarlarının Həştərxanı tutması haqqında" əsəri fransız dilinə tərcümə olunaraq 1855-ci ildə Fransada nəşr olunmuşdu.
Çox keçmədən Rusiyanın elm aləmində qeyri-adi elmli, istedadlı adam kimi qəbul edilən Mirzə Kazım bəy Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilir. Kazanda yaşadığı 20 ildən artıq bir dövrdə olduqca səmərəli elmi-pedaqoji fəaliyyətlə məşğul olan alim yaradıcılığında Azərbaycan dilinin öyrənilməsində xüsusi tədqiqatlar aparmışdır. Azərbaycan dilinin elmi qrammatikasının əsas prinsiplərini ilk dəfə Mirzə Kazım bəy işləyib hazırlamışdır. "Azərbaycan dili" termininin elmi əsaslarını da ilk dəfə o vermişdir.
Brokhauz və Efronun Ensiklopedik lüğətində Kazım bəy haqqında bu sözlər yazılmışdır: "Şərqşünaslıq sahəsində dərin erudisiyası, Avropa dillərini yaxşı bilməsi Kazım bəyi həm Qərbi Avropanın, həm də Rusiyanın birinci yerdə dayanan şərqşünasları sırasına çıxarmışdır". XIX əsrin ikinci yarısından etibarən Mirzə Kazım bəyin şöhrəti Avropanın hüdudlarını keçib Amerikaya doğru irəliləyirdi 1851-ci ilin mayında o, Bostondakı Amerika Şərqşünaslar Cəmiyyətinin müxbir üzvü, 1862-ci ildə isə Amerika Fəlsəfə Cəmiyyətinin üzvü seçilmişdir. Görkəmli Amerika alimi və dövlət xadimi Bencamin Franklinin 1743-cü ildə əsasını qoyduğu Amerika Fəlsəfə Cəmiyyəti 1862-ci il yanvarın 17-də ənənələrini dəyişərək ilk dəfə Kazım bəyin və Peterburq EA-nın sanskrit sahəsində ordinar akademiki Otto Beytlinqin simasında humanitar elmlərin nümayəndələrini də öz üzvlərinin sırasına seçmişdir.
1849-cu ildə Sankt-Peterburq Universitetinin rəsmi dəvəti ilə oraya gedən Kazım bəy universitetdə ərəb və fars dillərini də tədris etmişdir. 1850-ci ilin fevralında Rusiya Coğrafiya Cəmiyyətinin həqiqi üzvü seçilən Mirzə Kazım bəy az sonra Şirvan və Dərbəndin tarixinə dair "Dərbəndnamə" adlı çox unikal bir əsəri nəşrə hazırlayır. Üzərində 12 il çalışdığı bu əsərdə təkcə əlyazmalardan deyil, Qərbi Avropa alimlərinin əsərlərindən də istifadə edir. Bu əsərə görə o, Peterburq Elmlər Akademiyasının çox nüfuzlu sayılan "Demidov" mükafatına layiq görülür, ardınca da Britaniya kraliçasının qızıl medalını alır. Peterburq Universitetində çalışdığı müddətdə Mirzə Kazım bəy Hərbi Akademiyanın zabit heyətinə türk dilindən mühazirələr də oxuyurdu. İmperator Hərbi Akademiyasında keçirilən türk dili kursu üçün hazırladığı dərs vəsaitinə görə ikinci dəfə "Demidov" mükafatına layiq görülür. Rus ədəbiyyatına böyük incilər bəxş etmiş L.N.Tolstoy, N.Q.Çernışevski, N.İ.Lobaçevski və Rusiyanın həmin dövrdəki bir çox ziyalısı Mirzə Kazım bəyin tələbələri olmuşdur.
Həyatı boyu uzaq şimalda yaşasa da, ürəyi Şərq dünyası, türk dünyası üçün çırpınan Mirzə Kazım bəy hələ Kazan Universitetində işlədiyi vaxtlarda Quranın tam konkordansının - mətnin öyrənilməsinin ənənəvi üsulunu nəşrə hazırlamışdı. Böyük alim bu işin üzərində tam 25 il işləmişdi. Ərəb, fars, türk və Azərbaycan ədəbi əsərlərinin məxəzlərini və onların qarşılıqlı əlaqəsini tədqiq etmişdi. İslamın meydana gəlməsi dövründən başlamış ərəb ədəbiyyatının, Firdovsi zamanından fars ədəbiyyatının, Nizamidən başlamış Mirzə Fətəliyədək yol keçmiş Azərbaycan ədəbiyyatının vəziyyəti böyük alimin tədqiqatlarında əksini tapmışdı. 1854-cü ildə işıq üzü görən "Türk dili kursu üçün" adlı dərs vəsaitində türk dilinin qrammatik oçerki, Osmanlı imperiyasında müxtəlif xətlərlə yazılmış mətnlər, 6700-dən artıq rus sözünün tərcüməsi olan türk lüğəti verilmişdi.
Rusiyada XIX əsrin siyasi fəlsəfəsinin təşəkkül tapması Mirzə Kazım bəyin adı ilə bağlıdır. Rusiyalı alimlər etiraf edirlər ki, bu fəlsəfə indiyədək də öz müasirliyini qoruyur. Onun siyasi görüşləri "Müridizm və Şamil" və "Bab və babilər" əsərində əsaslı şəkildə şərh edilmişdir. 1865-ci ildə nəşr etdirdiyi geniştutumlu bu əsər İranda Babi üsyanlarına və bu üsyanların rəhbəri, babi təriqətinin başçısı Seyid Əli Məhəmməd Baba ("bab" ərəb dilində qapı deməkdir) həsr olunmuşdu.
Əsərin müqəddiməsində müəllif yazır ki, islam sivilizasiyaya əngəl törədən din deyildir. Abbasilər sülaləsinin hakimiyyəti zamanı yunanların bütün maarif qaynaqlarını islamın paytaxtı Bağdada köçürməsi və sonralar oradan da bütün elm və incəsənət sahələrinin müxtəlif yollarla Avropaya yayılması faktı buna sübutdur. O, qətiyyətlə deyirdi ki, Qafqaz xalqlarını ancaq üç silahla - alicənablıq, təmənnasız cəsurluq və ədalət yolu ilə ram etmək olar. Bu cəsur türk oğlu Peterburqda əsir saxlanan Şeyx Şamillə iki dəfə görüşmüşdü. Kazım bəy təkcə Rusiyada deyil, dünyada müsəlman hüququnun ilk tədqiqatçısı olmuş, islam dini, şəriət qanunları, cihad məsələləri ilə bağlı xüsusən, Rusiyada bəzi mürtəce qüvvələrin yaydığı şayiələrə son qoymağa çalışmış, islam və onun ehkamlarına elmi yanaşmanı tələb etmişdir. Böyük zəka sahibi sübut etmişdi ki, Şərqdə baş verən proseslərin öz qanunauyğunluqları var. Bu proseslərin gedişi və formalaşmasında dini və sosial amillər böyük rol oynayır.
Mirzə Kazım bəy Şərq haqqında dünya elminin inkişafına böyük töhfələr verməkdə aparıcı rol oynayan çox istedadlı alim olmuşdur. Onun bu sahədə qoyduğu məktəb və ənənələr əsrimizdə də davam etdirilir. Tədqiqatlardan bəlli olur ki, dünya şöhrətli böyük alim tez-tez azərbaycanlı ziyalılarla əlaqə saxlamış, A.Bakıxanovun maarifpərvər görüşlərini alqışlamış, M.F.Axundovun elmi-ədəbi fəaliyyətini yüksək qiymətləndirmişdir. Türk xalqlarının dillərinin qrammatik təhlillərini vermiş Kazım bəy həm də bu dilləri öyrənmək üçün çox asan dərsliklər hazırlamışdır.
Almaniyada, Paris və Londonda müalicə alan vaxtlarda da Mirzə Kazım bəy elmi tədqiqatlarını davam etdirmiş, bir çox dəyərli tədqiqatlar aparmışdır. Lakin edilən müalicələrin nəticəsi olmurdu. Dünyada Şərq elminin tədqiqatçılarından və bilicilərindən biri kimi şöhrət qazanan şərqşünas alim Mirzə Kazım bəy 1870-ci il noyabrın 27-də Sankt-Peterburqda dünyasını dəyişir və orada Pavlovsk məzarlığında torpağa tapşırılır. Yaratdığı elmi məktəb isə bu gün də Rusiyanın və dünyanın bir çox elmlər akademiyalarında öyrənilir.
"Azərbaycan" qəzeti