Ermənistan ordusunun Azərbaycanla sərhədin bəzi hissələrində yerləşən mövqelərdən geri çəkilməsi barədə xəbərlər yayılıb.
Milli.Az-ın Modern.az-a istinadən məlumatına görə, bu barədə xəbərlər Ermənistanın müxtəlif media orqanlarında, ermənilərə məxsus teleqram kanallarında paylaşılıb.
Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin qüvvələri Qarakilsə (Sisian) istiqamətində bəzi yerlərdən geri çəkilib. Həmçinin Arazdəyən (Yerarsx) istiqamətində də geri çəkilmənin olduğu deyilir.
Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib etsə də, yerli sakinlər sözügedən ərazilərdə mühəndis texnikalarının azaldığını bildirir. Sakinlər mətbuata deyib ki, sözügedən mövqelərdə heç bir qüvvə qalmayıb.
Yerli nəşrlər, həmçinin yazır ki, sözügedən ərazilərə Müdafiə Nazirliyinin əvəzinə Sərhəd Qoşunlarının hərbçiləri cəlb ediləcək. Ancaq hələlik bu barədə rəsmi məlumat yoxdur.
Qeyd edək ki, Vətən müharibəsindən sonra Ermənistanın Azərbaycanla sərhədinin bəzi hissələrində Rusiya sərhədçiləri yerləşdirilmişdi. Ancaq İrəvan müxtəlif səviyyələrdə Rusiyadan sərhədçilərin çıxarılmasını, onların əvəzinə öz sərhədçilərinin yerləşdirilməsini istəyir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun