İtaliyalı qonaqlar Ağdamda məskunlaşmış məcburi köçkünlərlə görüşüblər

21 İyun 2012 20:05
Milli.Az Kəpəz TV kanalına istinadən xəbər verir ki, İtaliyanın "Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu" mövzusunda beynəlxalq konfrans keçirmək üçün Bakıya gələn Trento bölgəsinin nümayəndələri Ağdama səfər edərək orada məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.

Rayon İcra Hakimiyyətində olan qonaqlara Ağdam haqqında məlumat verilərək bildirilib ki, ermənilərin Azərbaycana qarşı işğalcılıq siyasəti nəticəsində rayonun 73 faiz torpağı işğal edilib. Sakinlər öz doğma yurd - yuvasından didərgin düşüblər. Bu gün dövlət proqramı çərçivəsində rayon ərazisində yeni qəsəbələr salınıb.

İtaliyadan gələn nümayəndə heyəti Ağdam haqqında film də izləyib. Avropalı qonaqlar daha sonra məcburi köckünlərin müvəqqəti məskunlaşdığı Quzanlı qəsəbəsində yerləşən orta məktəb binasında olaraq qaçqınlarla görüşüblər. Görüşdə erməni vandallarının
törətdikləri vəhşiliklərdən danışılıb.

İtaliyanın Trento Universitetinin professor Roberto Toniatti: "Bizim cəbhə bölgəsində görüşümüzün əsas məqsədi təmas xəttində yaşayan məcburi köçkünlərin yaşam tərzini, çətinliklərini və fikirlərini daha yaxından öyrənməkdir. Biz burada insan faciəsinin nə qədər dərin olduğunu gördük. İnsanların problemlerini gördük, onlar yalnız öz doğma kəndlərinə qayıtmaq istəyirlər. Bu münaqişənin hüququ yolla həll edilməsi vacibdir".

İtaliyanın Trento bölgəsinin nümayəndələri rayonun Çıraqlı kəndinə gedərək qoşunların təmas xəttindən Ağdamın işğal altında olan kəndlərini müşahidə ediblər.

Milli.Az