Macarıstan və Slovakiya Ukraynanı məhkəməyə verməyə hazırlaşır

23 İyul 2024 00:12

Macarıstan və Slovakiya Kiyevin "Lukoil" neftinin tranzitini blokladıqdan sonra Avropa Komissiyasının vasitəçiliyi ilə Ukrayna ilə məsləhətləşmələr tələb edib.

Bu barədə Milli.Az oxu.az-a istinadən məlumat verir.

Məsələ ilə bağlı Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto açıqlama verib.

"Avropa Komissiyasının 3 günü var ki, bizim müraciətimizi təmin etsin, bundan sonra biz bu işi məhkəməyə verəcəyik", - deyə o qeyd edib.

Xatırladaq ki, macarıstanlı nazir "Lukoil" neftinin Ukrayna ərazisindən tranzitinin dayandırıldığı barədə iyulun 17-də bildirib. Ertəsi gün bu barədə "Drujba" neft kəmərinin Slovakiya hissəsinin operatoru olan "Transpetrol" şirkəti məlumat verib. Ölkələr bunu Ukraynanın Rusiya şirkətinə qarşı sanksiyalarının genişlənməsi, o cümlədən neft tranzitinə qadağa qoyulması ilə əlaqələndirirlər.

Kreml "Lukoil" neftinin tranzitinin məhdudlaşdırılmasını siyasi qərar hesab edib.

"Həqiqətən, vəziyyət alıcılarımız üçün olduqca böhranlıdır, lakin bu heç bir şəkildə bizdən asılı deyil", - deyə Kreml bəyan edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun