Azərbaycanda "Əkinçi"yə qədər ana dilində mətbuat orqanı yox idi. 1875-ci il iyulun 22-də "Əkinçi"nin ilk sayı çap olunduğu gün milli mətbuatımızın əsası qoyuldu.
Milli.Az xəbər verir ki, bunu AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.
Onun sözlərinə görə, qəzetin yaranmasında Həsən bəy Zərdabiyə üç nəfər böyük dəstək olub:
"Qafqazda Azərbaycan dilində qəzetin nəşri edilməsi ideyasının müəllifi1831-1837-ci illərdə Qafqaz canişini, alman əsilli Qriqori Vladimiroviç Rozen olub. "Tatar xəbərləri" qəzetinin təsis edilməsi ilə bağlı 1831-ci ildə Xalq Təhsil naziri, knyaz Karl Livenə, eləcə də, daxili və xarici işlər nazirliklərinə məktublar göndərən Rozen yazırdı ki, Zaqafqaziyada, xüsusilə Azərbaycanda yaşayan müsəlmanlar üçün türk-tatar dilində qəzet təsisinə ciddi ehtiyac var.
Həsən bəy Zərdabi ilk Azərbaycan dilli qəzet nəşr etmək üçün Bakıda bir neçə milyonçuya müraciət edir. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev və digərləri ona pul vermirlər. Səbəb kimi Rusiya imperiyasının ana dilində qəzet çıxarılmasına qarşı çıxması göstərilirdi. Hacı Zeynalabdin Tağıyev iki erməni, bir rus dilli qəzetə, bunlardan savayı, Hindistanda nəşr olunan qəzetə də aylıq pul verirdi. Amma Zərdabiyə ana dilində qəzetə maliyyə ayırmaq istəmədi. Musa Nağıyevin işlər müdiri heç Zərdabini qəbul etmədi. Şəmsi Əsədullayev gəmilərinin borcu olduğunu bəhanə etdi.
Zərdabinin köməyinə Abdulla Bakıxanov çatdı. Rusiya imperator ordusunun general-mayoru, Azərbaycan yazıçısı və maarifçisi Abbasqulu ağa Bakıxanovun ata bir, ana ayrı qardaşı olan Abdulla Bakıxanov 10 min qəzetə maliyyə ayırdı. Bu 10 min qəzetə ayrılan məbləğin hesabına Zərdabi dörd dəfə İstanbula səfər etdi. Mətbəədə qəzet çap etmək üçün şrift (hərf) almaq, qəzetin dörd nömrəsinin çapı və yerli məmurlara rüşvət verib qəzet çapına razılıq hasil eləmək bu səfərlərin proqramına daxil idi.
Qəzetin çapa izn verilən günü Abdulla Bakıxanov Zərdabiyə yazır ki, nə qədər pul lazımdır əlavə verməyə hazırdır, təki ana dilində qəzet dayanmasın və işləsin. Ana dilində belə qəzetin çıxmasını çox vacib hesab edən Abdulla Bakıxanov öz şəxsi tanışları vasitəsilə də qəzetin nəşrinə izn almağa çalışırdı.
Azərbaycan dilində ilk qəzet nəşr etmək arzusunda olan Həsən bəy Zərdabi 7 illik mübarizədən sonra, nəhayət, icazəni ala bilir. Əslində qəzetin adı "Əkinçi" olmayacaqdı. Bir neçə variant vardı. Zərdabinin düşüncəsində qəzetin adı "Qafqazda türk qəzetəsi", yaxud "Qafqazda tatar qəzetəsi" olmalı idi. Amma Bakının qubernatoru, general-mayor Dmitri Semyonoviç Staroselski ilə görüşdən sonra ona qəzet nəşr etməyə bir halda icazə verirlər: Qəzet "Əkinçi" ("Пахарь") adlanacaq, məhz əkin və ziraətdən danışacaq. Bir sözlə qəzetin adını Bakının qubernatoru, general-mayor Dmitri Staroselski qoyur.
Qəzetin yaranması, əsasən, qəzetin nəşrinə icazə verən Bakı general-qubernatoru Dmitri Staroselskinin himayəsi sayəsində mümkün olur. Qubernator özü Həsən bəylə, arvadı gürcü Yekaterina Quramaşvili isə Zərdabinin arvadı Hənifə xanımla dost idi. Staroselski Həsən bəyin layihəsini qismən maliyyələşdirdi.
Əvvəlcə "Əkinçi"nin cəmi 100 abunəçisi var idi, abunə qiyməti 3 rubl olan qəzet ayda 300 rubl qazanc gətirirdi. Qubernator Staroselski kənd dairəsi polis məmurlarına qəzetə abunənin məcbur olmasını əmr etdi. Beləliklə, qəzet daha 300 abunəçi və daha 900 rubl gəlir gətirməyə başladı.
Bundan başqa, insanların qəzet oxumaq vərdişinə alışması üçün onun sayəsində 500-ə yaxın nüsxə pulsuz paylandı. Staroselski deyirdi: "Nə qədər ki, mən Bakının qubernatoruyam, hər il müsəlman xeyriyyə cəmiyyətinə yüz rubl ianə vermək mənim borcumdur".
General Staroselski Bakıdan geri çağırılan kimi qəzet böyük maliyyə çətinliyi yaşadı. Əvvəlcə Həsən bəy qəzeti ayda 2 dəfə çıxara biləcəyinə inanırdı, lakin ilin birinci yarısının sonunda zərər 500 rubl təşkil etdi.
Sonralar abunəçilərin sayı 600 nəfərə çatdı və qəzet hər həftə nəşr olunmağa başladı. İlin sonuna qədər Həsən bəyin itkisi artıq 1000 rubl təşkil edirdi. Üçüncü ildə abunəçilərin sayı sürətlə azalmağa başladı. Yeni qubernator nə qəzetə, nə də Zərdabiyə xoş münasibət bəsləyirdi. 1877-ci ilin sentyabrında qəzet bağlanmalı oldu. Əkinçinin cəmi 56 nömrəsi işıq üzü gördü".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun