II Şuşa Qlobal Media Forumu başa çatdı - YENİLƏNİB

22 İyul 2024 15:56

Şuşada iyulun 20-də öz işinə başlayan və üç gün davam edən "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" Forumu başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin iştirak etdiyi Forum çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək", "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər", "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" və "İqlim hərəkatı və media" mövzularında dörd panel sessiya keçirilib.

Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar.

Eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verilib.

Qeyd edək ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" Forumunun açılış mərasimində iştirak edib və xarici jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.

---------

13:11

Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində "İqlim hərəkatı və media" mövzusunda panel müzakirələri keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Riqa TV24 və Radio Latviya"nın aparıcısı Ansis Boqustovsun moderatorluğu ilə keçirilən müzakirələrdə, "Arabian Gulf Business Insight" xəbər portalının baş redaktoru Francis Martin Kane, "Berliner Zeitung" qəzetinin icraçı direktoru Holqer Friedrix, BMT-nin İqlim Dəyişikliyi üzrə yüksək səviyyəli çempionu (COP29) Nigar Arpadarai, Enerji təhlükəsizliyi üzrə mütəxəssis (Böyük Britaniya) John Roberts iştirak edib.

Müzakirələrdə qeyd edilib ki, iqlim dəyişikliyi ciddi mövzudur. Jurnalist gərək bu məsələdə diqqətli olsun, maraqlar arasında tarazlığı nəzərə alsın və bəşəriyyətin marağını təmin etsin.

Bildirilib ki, ətraf mühit məsələlərini işıqlandıran jurnalistlərin geniş təcrübəsi olmalıdır. Media ətraf mühit məsələləri dərindən bilməli və insanlara düzgün çatdırmalıdır.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

----------

09:24

Bu gün Şuşada iyulun 20-də start verilən II Qlobal Media Forumuna yekun vurulacaq.

Milli.Az xəbər verir ki, "Report"un Şuşaya ezam edilən müxbirinin məlumatına əsasən sonuncu iş günü iki panel baş tutacaq.

"Haber Global" təmsilçisi, televiziya aparıcısı Saynur Tezelin moderatorluğu ilə "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" mövzusunda panel müzakirələri keçiriləcək.

Daha sonra forumun dördüncü, sonuncu panelində iştirakçılar "Riqa TV24" və "Radio Latviya"nın aparıcısı və prodüsseri Ansis Bogustovsun moderatorluğu ilə "İqlim hərəkatı və media" mövzusu ətrafında fikir mübadiləsi aparacaqlar.

Bundan başqa, Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov "Yaşıl dünya naminə həmrəylik - COP29" mövzusunda təqdimat edəcək.

Bununla yanaşı, Bakı Təşəbbüs Qrupunun sifarişi ilə BMT-in tanınmış eksperti, ABŞ vətəndaşı Dr. Karlayl Korbin tərəfindən yazılmış "Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat" adlı hesabatın təqdimatı keçiriləcək.

Qeyd edək ki, "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda keçirilən foruma 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun