Parlament seçkiləri ilə bağlı bildirişlər təsdiq edildi

19 İyul 2024 16:49

Sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib.

MSK-nın sədr müavini Rövzət Qasımov bildirib ki, MSK seçicilərə çatdırılması üçün 6 milyon 516 min 567 bildiriş çap edəcək.

"Bildirişlərdə seçkilərə dair bütün məlumatlar lokanik şəkildə seçicilərə çatdırılır. Bildirişlər bu il də eyni qaydada hazırlanacaq və çap olunacaq. Bu dəfə də nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə ilk parlament seçkiləridir, həmin ərazilrə olan seçicilər üçün bildirişlər fərqli dizaynda hazırlansın", - deyə o əlavə edib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun