İsti yoxsa soyuq qəhvə daha faydalıdır?

21 İyul 2024 14:00

İsti qəhvənin tərkibində soyuğa nisbətən daha çox antioksidant - orqanizmdə iltihabı azaldan xüsusi molekullar var.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə tanınmış amerikalı kardioloq Macid Basit və endokrinoloq Eva Kvinar danışıb.

M.Basitin sözlərinə görə, antioksidantlar - sərbəst radikalları aradan aparan təbii birləşmələrdir. Sərbəst radikallar toplanması hüceyrələrə zərər verir və ürək xəstəlikləri, Altsheymer xəstəliyi, böyrək çatışmazlığı və xərçəng kimi təhlükəli sağlamlıq problemlərinə səbəb olur. İsti qəhvə də bu sərbəst radikalları effektiv şəkildə aradan qaldırır.

Kardioloq içkinin soyuq variantında antioksidantların daha az olduğunu vurğulayıb.

"Bu, böyük ehtimalla, isti suda dənələrdən soyuq suya nisbətən daha çox qida maddələrinin çıxarılması ilə əlaqədardır", - deyə o bildirib.

Endokrinoloq Kvinar isə soyudulmuş və ya buzlu qəhvənin öz üstünlükləri olduğunu qeyd edib.

Onun sözlərinə görə, soyuq hazırlanmış içki daha yüksək maqnezium və xlorogen turşuları adlanan xüsusi antioksidantlar tərkibinə malikdir.

"Onlar qanda şəkərin səviyyəsini tənzimləməyə və qan təzyiqini normallaşdırmağa kömək edir ki, bu da ürək xəstəlikləri riskini azaldır. Bundan əlavə, soyuq qəhvə isti qəhvəyə nisbətən daha az turşdur. Bu o deməkdir ki, onun qəbulunun həzm pozğunluğuna səbəb olma ehtimalı daha azdır", - deyə mütəxəssis izah edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun