İtaliyanın Neapol şəhərinin cənubunda, Amalfi sahillərində yerləşən Pozitano şəhəri füsunkar kurort bölgəsidir. Amalfi sahilinin incisi adlanan Pozitano möcüzəvi coğrafiyası, romantik dəniz sahilləri və sürrealist mənzərəsi ilə xəyal qurmağı sevən insanların "cənnəti"dir.
Amalfi sahillərinin ən gözəl şəhəri sayılan Pozitano təpənin yamaclarda tikilmiş pastel rəngli evləri, sirenlərin (yunan mifologiyasında dənizçiləri ovsunlayan su pərisinə bənzər canlılar) siluetləri ilə müşayiət olunan tünd mavi dənizi, otellər, moda butikləri və restoranların olduğu dik küçələri hər kəsin diqqətini cəlb edir.
Kiçik sahil qəsəbəsi olan və 1953-cü ildə amerikalı məşhur yazıçı Con Ernst Steinbeckin bir moda jurnalında yazdığı məqalədən sonra belə bir turistik şöhrət qazanan Pozitano, şübhəsiz ki, Amalfi sahilinin ən gözəl kurortlarından biridir. Pozitano turist axınından sonra, möhtəşəm və bərli-bəzəkli villalar, mehmanxanalar hesabına cazibəli şəhərə çevrilib.
Dəniz sahili çox izdihamlı və turistik olan Pozitano boz rəngli qum ilə örtülmüş Spiaggia Grande və Fornillo çimərlikləri ilə möhtəşəm bir mühit təqdim edir. Pozitanonun 300 metr uzunluğunda ən böyük çimərliyi olan Spiaggia Grande narıncı-sarı zolaqlı çimərlik çətirləri və yamaclarda tikilmiş pastel rəngli evlərlə müşayiət olunan inanılmaz fotogenik çimərlikdir.
Fiordo di Furore - İki qaya arasında kiçik bir çimərlikdir. Burada sanki bəzək məqsədilə qoyulmuş bir neçə qayıq, iki qayanı birləşdirən körpü və günəş işığı ilə parıldayan mavi dəniz heyrətamiz mənzərə yaradır.
Marina di Praia - Pozitano əyalətinin Praiano şəhərində yerləşən bu çimərlik Amalfi sahilində yerləşən çimərlik izdihamdan uzaq, orijinal bir yerdə istirahət etmək istəyənlərin üz tutduqları yerdir.
Pozitano keramika məmulatları və buraya xas olan limonçello likörü ilə məşhurdur. Bura Avropanın mədəniyyət və incəsənət ustalarının, o cümlədən zəkalı insanlarının istirahət yeri olub. Həmçinin məşhur simalar yay fəslində istirahət üçün buraya üz tutur. Pozitano müxtəlif filmlərin çəkiliş məkanı olub.