Yeni dominant COVID-19 ştammı dünyanı ələ keçirir

12 İyul 2024 14:35

"Koronavirusun yeni variantı FLiRT hazırda dünyada COVID-19-un ən dominant ştammıdır"

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, BBC bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına istinadla xəbər verib.

Bildirilir ki, FLiRT əslində bu variantın qeyri-rəsmi adıdır və variantın genetik kodundakı mutasiyaların adlarından ilhamlanır. Bu variant "Omicron"un JN.1 variantının nəslindəndir.

Nəşr Con Hopkins Universitetinin məlumatlarına istinadla xəbər verib ki, FLiRT-in sünbül zülalında bu variantın bədənin anticisimlərindən yayınmasına kömək edən üç əsas mutasiya var.

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi isə onun nə qədər ağır olduğunu və yoluxuculuğunu anlamaq üçün FLiRT haqqında daha çox məlumata ehtiyac olduğunu bildirib.

Yoluxma halları

COVID-19-un yayılması artıq əvvəlki qədər sürətlə olmasa da, bir sıra ölkələrdə yoluxma halları artıb.

"British Medical Journal" Böyük Britaniyada may və iyun aylarında SARS-CoV-2 üçün testlərdə müsbət cavabların sayında artım olduğunu bildirib. London sakinləri xəstəliyin ötürülməsinin qarşısını almaq üçün hələ də maskalar taxmağa davam edirlər.

ABŞ-də yoluxma halları iyunun sonuna olan məlumata görə həftədə 1.4% artıb.

FLiRT variantının simptomları

FLiRT-ə yoluxma zamanı simptomlar digər Covid-19 variantları ilə eynidir.

ÜST bildirir ki, simptomlar adətən infeksiyadan sonra 5-6 gün ərzində görünür və bir gündən 14 günə qədər davam edir.

Ən çox görülən simptomlar: Hərarət, boğaz ağrısı.

Daha spesifik simptomlar: Əllərdə və ayaqlarda əzələ ağrısı, əzginlik, tənəffüs problemi, baş ağrısı, gözdə ağrılar, başgicəllənmə, öskürək, sinədə ağrılar, nəfəs darlığı, uyuşma, iştahasızlıq, ürəkbulanma, qusma, mədə ağrısı və ya ishal, qoxu itkisi, yuxusuzluq və s.

ÜST aşağıdakı simptomlarla qarşılaşan insanların dərhal tibbi yardım almasını tövsiyə edir: nəfəs darlığı, danışmaqda çətinlik, ürəkgetmə, sinə ağrısı, dərinin solğunlaşması və göyərməsi, hərəkətdə çətinlik.

Mövcud peyvəndlər FLiRT variantına qarşı effektivdirmi?

Amerika Yoluxucu Xəstəliklər Cəmiyyətinin sözçüsü Aaron Qlatt bildirib ki, hazırda mövcud olan vaksinlər hələ ki, yeni varianta qarşı təsirlidir.

2022-ci ildən bəri müxtəlif ölkələrin səhiyyə orqanları peyvənd istehsalçılarından COVID-19 peyvəndinin yeni versiyalarını hazırlamağı xahiş ediblər. Məqsəd peyvəndin dövriyyədə olan yeni variantlara qarşı daha təsirli olmasıdır. Avropanın səhiyyə orqanları vaksin istehsalçılarını əsasən JN.1 variantını hədəf almağa çağırıb.

Xatırladaq ki, bir neçə ay öncə Rusiyada FLiRT-ə 200-ə yaxın yoluxma qeydə alınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun